İDMAN

Bakı Şəhər Halqasından lyuk olayına reaksiya: "Belə hallar yarışı maraqlı edir"

Nigar Arpadarai: "Test yürüşündə həm trekdə, həm bolidlərdə problemlər yarana bilir, axı bu, yarışa hazırlıqdır"
Sputnik

BAKI, 27 aprel — Sputnik. Xəbər verdiyimiz kimi, dünən SOCAR Azərbaycan Qran-prisində Formula 1-in sərbəst yürüşləri zamanı "Wilyams" komandasının pilotu Corc Rasselin bolidi lyukun drenajına dəyərək xəsarət alıb. Nəticədə sərbəst yürüş dayandırılıb və bütün lyuklar yoxlanılmağa başlanılıb. 

“Formula 1”də qəzanın günahkarı bilindi

Sputnik Azərbaycan xəbər verir ki, baş verən hadisə ilə bağlı bu gün mətbuat konfransı keçirilib. Konfransda Bakı Şəhər Halqasının Marketin və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai və Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin Tikinti şöbəsinin rəhbəri Tom Buçer iştirak edib.

Nigar Arpadarai deyib ki, onlar hər il treki hazır edib Beynəlxalq Avtomobil Federasiyasına təhvil verirlər: "Həmin Federasiyanın mütəxəssisləri baxıb, razılıq verəndən sonra yarışlar keçirilir. Dünən baş verən hadisəni xarici azarkeşlər normal qarşıladı. Onlar Azərbaycan Qran-prisinin maraqlı olduğunu deyirlər. Hətta fanatlar yazırdı ki, bizim bir sıralama yarışı Çin Qran-prisindən maraqlıdır".

"Formula 1-də belə hallar olur. Test yürüşündə həm trekdə, həm bolidlərdə problemlər yarana bilir, axı bu, yarışa hazırlıqdır. Bizim trek beynəlxalq ekspertlərin nəzarətindədir, onlarsız iş görmürük. Onu da deməliyəm ki, bizdə baş verən belə hallar Azərbaycan Qran-prisini maraqlı edir" – deyə N.Arpadarai əlavə edib. 

Formula 1 üzrə ikinci günə start verilib - Cədvəl

Tom Buçer isə bildirib ki, dünən həmin hadisə baş verəndən sonra Beynəlxalq Avtomobil Federasiyasının rəsmiləri ilə görüşüb, artıq bu halın təkrarlanmaması üçün nələr etməli olduqlarını müzakirə ediblər: "Bakı Şəhər Halqası şəhər trekidir. Tarix boyu belə hallar həm şəhər, həm adi teklərdə baş verib".

"Dünən hadisə baş verəndən sonra Beynəlxalq Avtomobil Federasiyasının əməkdaşları ilə üç dəfə görüş keçirdik və bu müddət ərzində bütün lyuklar yoxlanıldı. Hər şeyin qaydada olduğuna əmin olandan sonra yarışların keçirilməsinə razılıq verildi. Beynəlxalq Avtomobil Federasiyasının rəsmiləri bizim etdiyimiz cəhdləri çox yüksək qiymətləndirdilər. Problemi cəmi 16 saata həll etdik" - Buçer vurğulayıb.

O, eyni zamanda əlavə edib ki, asfalt qatı əla vəziyyətdədir. "Hətta pilotlar belə, asfalt qatından razıdırlar. Çalışacağıq ki, asfalt qatını bir neçə il də belə saxlayaq".

Öz növbəsində Nigar Arpadarai dünən "Prema Racing" komandasının pilotu Şon Gelaeltin qaydanı kobud şəkildə pozmasından da danışıb: "O, marşalların bolidə kömək etdiyi zaman kobud qayda pozdu. Buna görə də, hətta dünən yarışdan bir günlük uzaqlaşdırıldı. Marşallar tibbi müayinədən keçirilib və səhhətlərində heç bir problem yoxdur".