BAKI, 22 aprel — Sputnik. Rafael Ağayev (-75 kq) Rabatda Karate1 Premyer Liqa turnirində bürünc medal qazanıb.
Sputnik Azərbaycan Karate Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı idmançı Loqan Da Kosta ilə həlledici görüşdə 2-0 hesabı ilə qalib gələn karateçimiz, dünya və olimpiya reytinq xallarını artırmaqla mövqeyini möhkəmlədib. Milli komandanın üzvlərindən Turqut Həsənov və Pənah Allahverdiyev (-84 kq) təsəlliverici görüşlərə qatılsalar da, mükafatçılar arasına düşə bilməyiblər.
19-21 apreldə Mərakeş Krallığının paytaxtında Dünya Karate Federasiyasının (WKF) Karate1 seriyasından üçüncü nüfuzlu yarışda 8 ölkədən 661 idmançı mübarizə aparıb. Beynəlxalq hakimlərdən Vüqar Kərimova final görüşlərini idarə etmək, Cahangir Babayevə isə ondan əlavə tatami meneceri kim məsul işlər həvalə olunub.
Qeyd edək ki, milli komandanın növbəti yarışı 17-19 mayda İstanbulda Karate1 Seriya A turniri olacaq.