Ukrayna prezidentini seçdi: Zelenski rəqibini darmadağın etdi

Artıq Petro Poroşenko da məğlub olduğunu etiraf edib
Sputnik

BAKI, 21 aprel – Sputnik. Ukraynada prezident seçkiləri başa çatıb. Sputnik Azərbaycan xəbər verir ki, “exit-poll”un nəticəsinə görə, Vladimir Zelenski böyük üstünlüklə qalib gəlib.

“Milli exit-poll 2019” layihəsinin Kiyevdə keçirdiyi mətbuat-konfransında açıqlanan məlumata görə, Zelenski 73,2 faiz səs toplayıb. Onun rəqibi, fəaliyyətdə olan prezident Petro Poroşenko isə cəmi 25,3 faiz səs yığıb.

Ukrayna yol ayrıcında – Hər iki namizəd “şanslıyam” deyir

“1+1” kanalının sifarişi ilə TNS-in keçirdiyi “exit-poll” da təxminən eyni rəqəmləri nümayiş etdirir. Bu nəticələrə görə, Zelenskini seçicilərin 72,7 faizi, Poroşenkonu isə 27,3 faizi dəstəkləyib.

Hər iki “exit-poll” Zelenskinin ölkənin bütün regionlarında, o cümlədən ilk dəfə ölkənin qərbində qalib gəldiyini göstərib.

Artıq Petro Poroşenko seçkilərdə məğlub olduğunu etiraf edib. Bu barədə o, keçirdiyi brifinqdə deyib. Poroşenko “exit-poll”arın nəticəsinin ona rəqibinə zəng edərək təbrik etmək üçün əsas verdiyini deyib: “Nəticələr göz qabağındadır. Zəng edib təbrik etmək lazımdır. Sivil ölkələrdə edildiyi kimi. Ukrayna xalqı belə qərara gəldi və mən bu qərarı qəbul edirəm. Mən ofisi tərk edəcəyəm. Amma siyasətdən getməyəcəyəm. Bundan sonra da Ukrayna uğrunda mübarizə aparacağam”.

“Exit-poll”ların nəticəsindən sonra Vladimir Zelenski də qərargahında bəyanatla çıxış edərək ukraynalılara müraciət edib: “Məni dəstəkləyən bütün ukraynalılara təşəkkür edirəm. Fərqli mövqedə olan bütün ukraynalılara təşəkkür edirəm. Ümumiyyətlə, harada olmasından asılı olmayaraq bütün ukraynalılara təşəkkür edirəm. Sizin etimadınızı doğrultmağa söz verirəm”.