CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kimsəsiz zirzəmidə bitən ömür: 22 il məhbus həyatı yaşayan şəxsin acı hekayəsi - REPORTAJ

“Bu dəqiqə bıçağı, ya da elə bu "atvyortka"nı əlimə alıb sənin boğazını üzə bilərəm”
Sputnik

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 22 aprel — Sputnik. Başımıza gələnlərə qismət desək də, əslində hər şey qismət deyil. Bəzən buraxdığımız səhvlər bizim üçün amansız bir tale yazır. Budəfəki həmsöhbətimiz cavanlıqda buraxdığı səhvlərin əzabını bu gün kimsəsiz şəkildə, bir zirzəmidə çəkir. 22 il məhbus həyatı yaşayan Nizami Mirzəyev bir neçə ay öncə azad həyata əliyalın, ayaqyalın atılıb.

Uzun müddət idi ki, keçmiş məhbusla müsahibə etməyi qərarlaşdırmışdım. Amma nədənsə müsahibimin 22 il həbsdə olması içimdə müəyyən qorxu, tərəddüd və digər hisslər yaradırdı. Bütün bunlara, hətta xeyrin şərə qalib gəldiyi bir vədənin olmasına baxmayaraq ünvan başına çatdıq – Binəqədi rayonunun 95 saylı Mənzil İstismar Sahəsinə aid 21-ci binanın ərazisi.

Kimsəsiz zirzəmidə bitən ömür: 22 il məhbus həyatı yaşayan şəxsin acı hekayəsi - REPORTAJ

Telefonda yuxulu, uzaqdan eşidilən səs artıq gərginlik yaratmışdı. Nədənsə gün ərzində danışıb, müsahibə üçün vədələşsək də, Nizami dayı nə məni, nə də bu danışığı xatırlayırdı. Lakin israrımdan sonra elə dayandığımız yerdə, binanın zirzəmisindən mənə doğru açılan qapıdan süzülən azacıq işıq çölə aydınlıq qatdı. Bir az içkili olduğundan yıxılacaq kimi büdrəyərək pilləkənləri qalxıb mənə doğru gələn şəxs nəhayət ki, qonaq qarışlamaq istədiyini dedi.

Bəzən qənd almağa belə pulu olmayan həmsöhbətimizlə həyatından, dolanışığından, çətinliklərindən söhbət açdıq:

- Nə qədər vaxtdır ki, burada yaşayırsız?

- Azadlığa çıxandan bir müddət sonra burada yaşamağa başladım. Artıq bir neçə ay olar ki, gördüyünüz “padval” mənim evimə, ən əziz yerimə çevrilib.

- Bu yer sizə Mənzil Kommunal İstismar Birliyi tərəfindən verilib?

- Yox qızım, azadlığa çıxdıqdan sonra nə qədər müraciətlər etsəm də, heç kəs mənə yaşamaq üçün bir yer vermədi. Mən bura qanunsuz olaraq girmişəm. 65 yaşım var, sabah kimsə gəlib məni burdan çıxartsa, nə edəcəyəm, heç bilmirəm. Haradasa qalmaq üçün 150 manat kirayə pulunu necə tapacağam? Baxın, yağış yağır. Bu, ya bir başqa küçədə isə elə bir dam yoxdur ki, onun altına sığınıb yatasan. Mən də insanam, pul tapmaq üçün məcbur olub yenidən əyri yola əl atacağam.

- Həbsxanada şərait çox ağır olur deyirlər. Ora qayıtmaqdan qorxmursunuz?

Kimsəsiz zirzəmidə bitən ömür: 22 il məhbus həyatı yaşayan şəxsin acı hekayəsi - REPORTAJ

- Yox, qətiyyən. Həbsxanada şərait, qida, geyim, bir sözlə elə hər şey normal idi. Həftədə üç, ya dörd dəfə menyumuz dəyişirdi. Bilirsiniz necədir, dustaq olarkən sən həbsxananın rəhbəri, azadlıqda olarkən isə öz vicdanın qarşısında məsuliyyət daşıyırsan. Sən mənim qızım yaşındasan. Bu dəqiqə bıçağı, ya da elə bu "atvyortka"nı əlimə alıb sənin boğazını üzə bilərəm. Bunu etmək mənim üçün elə də çətin deyil. Bəs göydəki Allah bunu götürərmi?

"Bu dəqiqə bıçağı, ya bu "atvyortka"nı"... bu sözlərdən sonra Nizami dayı nə dedi, artıq eşidə bilmirdim. Kiçik, kimsəsiz, soyuq bir yerdə anidən içimdən bir üşütmə keçdi, qorxu, həyəcan və qaçmaq istəyi yarandı... Deyəsən, özü də bunu hiss edib söhbəti ayrı səmtə yönəltdi... Azadlıqdan danışırdı...

- Azadlığa çıxmağa peşman deyiləm.

- Burada heç nəyiniz olmasa da, məhbus həyatından daha çox qorxursunuz?

- Çünki orada bircə azadlıqdan başqa hər şey vardı. Bax, indi sən gedəndən sonra bir az oturub siqaret çəkəcəyəm, bir-iki saat da çöldə fırlanıb, gəlib televizoruma baxacağam. Sonra da istədiyim vaxtda yatacağam. Bilirsən bu sərbəstlik nə deməkdir? Amma dustaq həyatı belə deyildi. Mən necə deyə bilərdim ki, "Real Madrid" azarkeşiyəm, onun oyununu izləməliyəm. Qızım, bax sənə belə deyim: azadlıqda sənin yediyin duz-çörək, dustaq ikən yediyin ən sevimli xörəyindən belə dadlı olur.

- Bəs orada davranış necə idi?

- Bizimlə normal davranırdılar. Kimisə təhqir etməsən, yəni oradakı qırmızı xətti keçməsən, heç bir problem yaranmırdı. Nəyəsə əməl etmədikdə bir otağa salıb, 10-15 sutkalıq cəza verirdilər. Bir rəisimiz var idi, adı Bəhram idi. Onun yeganə tələbi o idi ki, narkotikdən və qumardan uzaq olaq. Deyirdi ki, bunlara əməl etsək, bizə hər zaman güzəşt edəcək.

Çöldə yağan narın yağış bacadan özünə yol taparaq artıq içəri dolmağa başlayırdı. Havanın bu soyuqluğu isə içərini də buzlatmışdı. Otaq isə yalnız sobanın üzərindəki çaydanın hesabına az da olsa isinirdi...

- Bir az dolanışığınızdan, işinizdən danışın.

- 160 manat pensiya alıram. Azadlığa çıxandan sonra canımda taqət, həvəs olduğu üçün iş axtarmağa başladım. Buna görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "İşçinin DOSTU" proqramına müraciət etdim. Onlar məni Binəqədi rayon Məsul Məhdudiyyətli Cəmiyyətə yollayıb işlə təmin etdilər. Bu işdən razıyam.

- Əmək haqqı nə qədərdir?

Kimsəsiz zirzəmidə bitən ömür: 22 il məhbus həyatı yaşayan şəxsin acı hekayəsi - REPORTAJ

- İşə götürəndə 200-300 manat arası maaş vəd etdilər.

- Əsas işiniz nədir?

- Əsas işim 95 saylı Mənzil İstismar sahəsinə aid ərazidə təmizliyə riayət etməkdir. Külək əsəndən sonra ağaclara daraşan artıq kağızları, "kulok"ları çıxarıb ətrafı təmizləyir, sınan budaqları yollardan təmizləyirəm. Söz verilən maaşla təmin olunsam, pensiya ilə birgə aldığım maaş məni qane edəcək.

- Bəs, qazancınız nəyə çatır?

- Bax qızım, özün də görürsən, bu siqaret "paçka"sı, çay, soyuducumda 3-4 yumurta, qənddanın içində qalan iki-üç qəndim var. Ayrı fincanım olmadığı üçün sənə çay içməyi təklif edə bilmirəm. Özüm də adətən elə bu su "boçka"sından birbaşa su içirəm. Deyim ki, çox şey alıram, yox. Ancaq aldığım pul elə bunlara çatır. İstədiyim hər şeyi ala bilirəm desəm, yalan olar. Elə qidalar var ki, illərlə dilimə dəymir... Acından ölməmək üçün hər şey etmək olar, hər şey...

- Kömək edən necə, varmı?

O uşaqlar həbsxana şorbasına oxşayan yeməyə baxmağa məhkumdurlar...

- Heç kimə möhtac deyiləm. Hələ ki, canımda taqət var, alın tərimlə dolanmağa çalışıram. Allahdan başqa heç kəsə, heç nəyə ehtiyacım yoxdur.

- Ailəniz varmı?

- Bir oğlum var, ailəlidir. Oğlum ailəsi ilə birgə 2-3 gündən bir mənə baş çəkib, paltarlarımı dəyişdirir. Amma oğlumun da öz dərdi-səri var. Onlara yardım edə bilmədiyim üçün yük olmaq da istəmirəm.

- Niyə onlarla birgə yaşamırsınız?

- Eh qızım... Həyat yoldaşım 25 il öncə dünyasını dəyişib. Ondan sonra tək yaşamağa adət etmişəm. Xasiyyətim ağırdır, çox tələbkaram. Ona görə də kimləsə birgə yaşamağı düşünmürəm. Gəlinim də hər dəfə elə sizin kimi danışır. Deyir ki, gəl bizlə qal. Mən köhnə düşüncəli bir insanam. Gəlinimin qabağımda şalvarla gəzərsə bunu qəbul edə bilmərəm. Ya da ki, mən necə işdən yorğun gəlib onun qabağında uzana bilərəm? Onların rahatlığını pozmamaq üçün sadəcə hərdən çimmək üçün ora gedirəm.

- Belə başa düşdüm ki, burada nə hamam var, nə də ayaqyolu...

- Həyatda hər şey insan taleyinin, onun səhvlərinin nəticələridir. Həyatımdakı bəlkələr, buraxdığım səhvlər uzun illər məni qapalı yaşamağa, səs-küydən uzaq olmağa məcbur etdi.

- Bəs, nəvələr necə, onların səsindən də qaçırsızmı?

- Ay qızım, lap məni qəribsətdin. Heç onların səs-küyündən bezmək olar? Onlar bu həyatda nəyə desən dəyər. O ki, nəvələr gəlib sənin boynuna, başına çıxır, bax o nəyə desən dəyər. Onlardan aldığım enerji, həyat eşqi mənə bir həftə belə bəs edir.

- 5 dəfə məhbus həyatı yaşamısız. Nəyə görə ittiham olunmusuz?

Azərbaycanlı iş adamı həbsxana gözətçisinə fahişə, narkotik və içki sifariş verib

- Mənə qarşı ittihamlar çox olub. SSRİ dövründə hətta türmədən qaçdığım vaxtlar da olub. İlk dəfə 70-ci illərdə tutulmuşdum. Bilirsiniz necə, cavanlıqda səhvlərim çox olub. O zamanlar çox oğurluq etmişdim. Cavanlıqda məni buna vadar edən firavan həyat eşqi və gözəl qızlara pul xərcləmək həvəsi idi. Olub ki, kimisə bıçaqlamışam. Əsgər ikən içib komandirə cavab da qaytarmışam. Sonuncu dəfə isə 8 illik həbs cəzası almışdım. Narkomanlara baş qoşduğum üçün məni də onlarla birgə tutub həbs etmişdilər. Halbuki mən nə narkotik alırdım, nə də satırdım.

- Səhhətiniz necədir?

- Düzdür, həkim nəzarətindən keçməmişəm, amma səhhətim yaxşıdır.

- Tək qalanda, yəni vicdanınızla danışanda nəyə hönkür-hönkür ağlamısınız?

- Təklikdə keçmişdə, buraxdığım səhvlərə içim-içim ağlayıram.

- Bəs aclıq qorxusu necə, varmı?

- Yox. Artıq 65 yaşım var. Ac günlərim saysız-hesabsız olub. Amma heç kəsə, övladıma da ac olduğumu deməmişəm. Kimsə aclıq, susuzluqla iradəmi sındıra bilməz.