İQTİSADİYYAT

Problemli kreditlərlə bağlı yeni xəbər var - Dövlət qurumunun əməkdaşı açıqlayır

"Onlara da kompensasiyanın düşdüyünü düşünən, yaxud da hesablanan kompensasiyanın məbləği ilə bağlı hansısa narazılıqlar varsa, vətəndaşlar buna görə narahat olmasın"
Sputnik

BAKI, 17 aprel — Sputnik. Bu ilin fevralın 28-də prezident İlham Əliyev Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Lakin bu fərmanın icrası və mexanizmləri ilə bağlı bəzi nüanslar hələ də vətəndaşlarda sual olaraq qalır.

Yanğından zərər çəkənlərə cüzi faizlə kredit veriləcək

Sputnik Azərbaycan bir sıra suallara aydınlıq gətirmək üçün "Real TV"nin Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşı Tural Feyzullayevlə müsahibəsini təqdim edir.

- Yekun siyahı ilə bağlı məsələlər hansı mərhələdədir?

- 28 mart tarixindən etibarən Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən elektron portal istifadəyə verilib. Portalın yaradılmasında məqsəd şəffaflığın qorunmasıdır. Artıq iki gündür ki, palata tərəfindən aparılan dəqiqləşmələr yekunlaşıb və yekun siyahı portalda yerləşdirilib. Bu isə o deməkdir ki, palata tərəfindən bütün dəqiqləşmə işləri yekunlaşıb.

- Lakin bəzi vətəndaşların adlarını portalda tapa bilməməsi narazılığa səbəb olub.

- Adlarını portalda tapa bilməyən bəzi vətəndaşlarda narazılıq yarana bilər. Onlara da kompensasiyanın düşdüyünü düşünürlərsə, yaxud da hesablanan kompensasiyanın məbləği ilə bağlı hansısa narazılıqlar varsa, vətəndaşlar buna görə narahat olmasın. Artıq bu cür problemlərin həlli üçün palata tərəfindən apellyasiya komissiyası yaradılıb. Müraciətlərin şəffaf araşdırılması və cavablandırılması üçün apellyasiya komissiyası portalı istifadəyə verilib. ak.fimsa.az ünvanından bu səhifəyə keçid etmək mümkünüdür.

Problemli kreditlərlə bağlı yeni xəbər var - Dövlət qurumunun əməkdaşı açıqlayır

- Bəzi vətəndaşların özləri haqda məlumatları tapa bilməməsinin səbəbi nədir?

- Vətəndaşlar barədə məlumatların tapılmamasının bir neçə səbəbi var. Bu səbəblərdən biri odur ki, ehtimal ki, vətəndaşların bundan başqa da kreditləri olub. Bu məbləğ ümumilikdə 10 min dollar həcmini keçdiyi üçün onlar həmin fərmanla əhatə olunmayıb. Bundan başqa eyniləşdirmə məlumatlarında problem yarandığı üçün də bu hallar baş verə bilər. Buna görə də biz əllərində sənəd olan bu şəxslərin elektron qaydada palataya müraciət etməsini tövsiyə edirik.

- Bunun üçün hansı tədbirlər görülür?

- Ümumilikdə kompensasiya və restrukturizasiya səviyyəsinə düşən vətəndaşların 95 faizindən artığını əhatə edən banklar və bank olmayan kredit təşkilatlarında da hər birinə palata tərəfindən ayrıca olaraq məsul şəxslər təyin olunub. Həmin şəxslər işçi qrupu çərçivəsində fəaliyyət göstərirlər. Əgər vətəndaşlar elektron müraciət etməkdə çətinliklə qarşılaşırlarsa, bu zaman müştərisi olduğu banka və qeyri bank təşkilatına yaxınlaşıb kömək ala bilərlər.

Bu günədək 22 min fermerə 210 milyon kredit verilib

- Apellyasiya komissiyasına edilən müraciətlərə hansı müddətdə baxılacaq?

- Apellyasiya komissiyasına edilən müraciətlərə 15 iş günü ərzində baxılacaq. Müraciətlə bağlı əlavə araşdırma tələb olunarsa, bu zaman həmin müddət 15 gün də uzadıla bilər.

- Vətəndaşları düşündürən digər sual isə kompensasiyanı nə zaman əldə edəcəkləri ilə bağlıdır.

- Kompensasiyanı nə zaman əldə etməklə bağlı vətəndaşlara bildirişlər veriləcək. Həmin şəxslər bankın müştərisidirsə, bu zaman həmin qurumlar, əgər bank olmayan kredit təşkilatının müştərisidirsə, bu zaman "Azərpoçt" tərəfindən onlara bildiriş göndəriləcək. Bu məlumatlar SMS, elektron ünvan və digər vasitələrlə vətəndaşlara göndəriləcək. Aprelin sonlarından etibarən isə kompensasiyaların ödənilməsinə başlanılacaq. Ümumilikdə isə may ayı ərzində bu prosesin yekunlaşdırılması nəzərdə tutulur. Restrukturizasiya proseslərinə görə müraciət qəbulu eyni müddətdə başlanılacaq, lakin bu proses bu ilin 31 dekabrınadək davam edəcək.

- Ödəniş necə həyata keçiriləcək?

- Kompensasiya məbləği ilə bağlı mexanizmdə 500 manatdan yuxarı məbləğə görə ödəniş kartlar, bundan az məbləğ üçün ödəniş isə pul köçürmələri vasitəsilə həyata keçiriləcək.