Oqtay Əsədov Rusiyaya gedir

Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının tədbirləri keçiriləcək
Sputnik

 

BAKI, 16 aprel — Sputnik. Aprelin 17-də Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) tədbirlərində iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edəcək. Bu barədə Sputnik Azərbaycan-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Əli Hüseynli, deputatlardan Xanlar Fətiyev, Adil Əliyev, Rasim Musabəyov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər. 

Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin sədrinə təşəkkür etdi

Sankt-Peterburqun Tavriya sarayında keçiriləcək MDB PA-nın Şura iclasında təşkilatı məsələlərlə yanaşı, quruma üzv ölkələrdə seçkilərin keçirilməsinin müşahidəsinin təşkili, Moldova və Ermənistanda keçirilmiş seçkilərdə beynəlxalq müşahidəçilərin iştirakı, 1941-1945-ci illər müharibəsində qələbənin 75 illiyinə hazırlıq, antiterror fəaliyyətin hüquqi təminatı və digər məsələlər müzakirə olunacaq.

MDB PA-nın 49-cu plenar iclasının gündəliyinə İpoteka, Vəkil və vəkillik fəaliyyəti haqqında, Məhkəmə-ekspert fəaliyyəti, Vergi Məcəlləsi haqqında model qanun layihələrinin müzakirəsi və s. məsələlər daxil edilib.

Burada beynəlxalq terrorizmə qarşı mübarizəyə dair konfransın keçirilməsi də nəzərdə tutulub.

Nümayəndə heyətimizin üzvləri MDB PA-nın daimi komitələrində plenar iclasda müzakirəyə çıxarılması nəzərdə tutulan məsələlər barədə öz fikirlərini bölüşəcək, qeyd və təkliflərini verəcəklər.

Oqtay Əsədovun səfər çərçivəsində MDB PA-nın tədbirlərində iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Səfər aprelin 19-da başa çatacaq.