CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Allahlar", "fironlar", "dahilər" haqda: Onlar ruhi xəstələrdir

"Xəstə insanlarda belə halların olması başadüşüləndir, amma sağlam insanda belə fikirlər ola bilməz"
Sputnik

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 11 aprel — Sputnik. Elə insanlar var ki, onlarda zamanla qəribə düşüncələr yaranır. Məsələn, elə hesab edirlər ki, nə vaxtsa firon olublar və ya keçmiş həyatlarında çoban, dülgər, aktyor və başqa sənət sahibi olduqlarını zənn edirlər. Hətta bəziləri özünü peyğəmbər hesab edir, elələri isə Allah olduğunu iddia edirlər.

Allah, bilirik cisim deyil, bəs nədir Allah?

Alimlərin qənaətinə görə, bu kimi hallar səbəbsiz deyil. Belə ki, bəzi araşdırmaçılara görə, ruhlar ölmür, müxtəlif cismlərdə 2 min il yaşayır. Ona görə də insanlar ruhlarının keçmiş bədənlərində olduğu vaxtı hiss edə bilirlər. Bəzi elm adamları isə ruhların uzun müddət yaşamadığını və bunun yalan informasiya olduğunu bildirirlər.

Maraqlıdır, insanlarda bu qəribə hissin səbəbi nədir? Bəlkə bu, hansısa bir xəstəlikdən xəbər verir?

Sputnik Azərbaycan-a şərh verən psixoloq, psixoterapevt Təhmasib Cavadzadənin sözlərinə görə, xəstə insanlarda belə halların olması başadüşüləndir: "Yəni burada qeyri-adi heç nə yoxdur. Amma sağlam insanda belə fikirlər ola bilməz".

"İnsan bəzən özünü sevdiyi tarixi obrazlara bənzədir. Yəni kimisə kumir hesab edir, özünü ona oxşatmağa çalışır. Və ya hansısa tarixi şəxsiyyətə oxşarlığı var deyə, özünü onun kimi hiss edir. Amma iddia etsə ki, hansısa tarixi şəxsiyyətdir, Napoleondur və ya firondur, bu, artıq anormallıqdır, sayıqlama pozuntusudur. Belə şəxslərin müalicəyə ehtiyacları var" - o bildirir.

T.Cavadzadə ruhların 2000 il yaşaması iddiasını isə belə izah edir: "Ruhun 2000 il yaşamasını sübut edən olmayıb. Ruhun varlığını sübut edə bilmirlər, o ki qaldı, yaşını sübut etsinlər".

İlahiyyatçı Elşad Miri də sözügedən məsələni psixoloji amil kimi qiymətləndirir: "İnsan özünü başqası kimi hiss edirsə, artıq bu, onun problemli olduğunu göstərir. Dində bu barədə heç bir məlumat yoxdur. Belə düşünənlərin psixoloji problemləri var. Ruh uzun müddət yaşamır, başqa bədənlərə də keçmir".