İDMAN

Şəhriyar Məmmədyarovdan gözlənilən etiraf gəldi

Şəhriyar Məmmədyarov: "Toparlanmaqda çətinlik çəkirəm"
Sputnik

BAKI, 7 aprel - Sputnik. "Dinqlə fikirlərimiz həmişə fərqli olub. Oyun haqqında hər zaman fərqli düşünmüşük". 

ONA-nın məlumatına görə, bunu azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov deyib. 

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess2019" superturnirində VII tura yekun vurulub. Hesabat turunda Çin şahmatçısı Dinq Lirenlə heç-heçə oynayan qrossmeysterimiz mətbuat konfransında oyunu haqqında danışıb: "Bu gün də çətin vəziyyətə düşdüm və çıxış yolunu tapmaq asan olmadı. Yəqin yenə də mənimlə razılaşmayacaq. Ümumiyyətlə, Anandla oyundan sonra toparlanmaqda çətinlik çəkirəm. Aniş Giriylə mən onunla partiyadan sonra özümüzə gələ bilmədik. Hər ikimiz turnir cədvəlinin sonundayıq. Vişvanatanla ən yaxşı oyunlardan birini keçirdim. Amma yekunda məğlubiyyət çox pis oldu. 40-cı gedişə qədər heç-heçə etmək imkanım olduğu halda mürəkkəb vəziyyətə düşdüm. Son turlarda qələbə qazanmaq üçün çalışıram. Amma istədiyim alınmır. Topalovla partiya da yaxşı olmadı". 

Məmmədyarov bildirib ki, Vüqar Həşimovun xatirəsinə həsr olunan ilk turnirdə daha pis çıxış edib: "Səhv etmirəmsə, beş partiyada uduzmuşdum, bir oyunda qalib gəlmişdim. İndi qələbəyə həsrət qalmışam. Son iki turda əsas məqsəd yarışı qələbəsiz tərk etməməkdi. Qalib olmağa şansım yoxdur. Təəssüf, sona iki tur qalmış liderdən çox aralı düşmüşəm".

Qeyd edək ki, Şəhriyar Məmmədyarov 7 turdan sonra 2,5 xala malikdir və 9-cu pillədə qərarlaşıb.