İDMAN

Ölkəmizdə cəmi bir gün olan idmançı: “Azərbaycanı təmsil etməkdən məmnunam”

Yekaterina Ryabova: “Bir gün Bakıda olmaq üçün çox azdır, amma ora mənim xoşuma gəldi”
Sputnik

Teymur Tuşiyev, Sputnik Azərbaycan

BAKI, 2 aprel — Sputnik. Azərbaycanlı fiqurlu konkisürən Yekaterina Ryabovanın bu yaxınlarda Yaponiyanın Saytama şəhərində keçirilən dünya çempionatında çıxışı xoş təəssürat oyadıb. Həmin vaxt 15 yaşlı idmançı (Yekaterina 16 yaşını mundialdan dərhal sonra, martın 27-də qeyd edib) 13-cü yeri tutub. Bu isə dünya çempionatının debütantı üçün kifayət qədər layiqli yer idi. Əgər xatırlasaq ki, bu il Minskdə keçirilən Avropa çempionatında Ryabova 12-ci yeri tutub (qısa proqramdan sonra o 7-ci yeri tutub), demək olar ki, Azərbaycanda yaxın perspektivdə ciddi problemimizi həll etməyə qadir olan güclü fiqurlu konkisürən peyda olub.

Sputnik Azərbaycan-a müsahibəsində Yekaterina Ryabova Yaponiyada keçirilən dünya çempionatı barədə təəssüratlarını bölüşüb, həmçinin yaxın məqsədlərindən və fiqurlu konkisürmənin əfsanəsi Yevgeni Plyuşenkonun ona verdiyi dəstəkdən danışıb.

Ölkəmizdə cəmi bir gün olan idmançı: “Azərbaycanı təmsil etməkdən məmnunam”

- Dünya çempionatında Azərbaycanın bayrağı altında çıxış etdiyimə, bu ölkəni beynəlxalq arenada təmsil etdiyimə görə, hədsiz dərəcədə şadam. Yaponiyada mənə çox gözəl dəstək var idi və düşünürəm ki, həmin vaxt öz maksimal səviyyəmi göstərdim.

- 15 yaşlı qızın Yaponiyada böyüklər arasında keçirilən dünya çempionatında çıxış etməsi necə bir hissdir?

- Bu ilin əvvəlində mən Avropa çempionatında çıxış etmişəm və açığını desəm, onda daha çox həyəcanlı idim. Dünya çempionatında isə özümü sakit və hətta komfortda hiss edirdim. Ola bilsin, bunun səbəbi, həmin yarışın mənim böyüklər arasında ikinci böyük turnirimin olması idi.

- Dünya çempionatından əvvəl qarşınıza hansısa konkret məqsədlər qoymuşduz?

- Əsas məqsədim qısa proqramdan sonra ilk iyirmi dörd nəfər arasına düşmək idi. Ümumi hesabda isə ilk on beş fiqurlu konkisürənin arasına düşmək istəyirdim. Odur ki, qarşıma qoyduğum tapşırığın öhdəsindən gəldim. Əlbəttə, həmişə müəyyən hədəfin olur. Mən bu nəticədən məmnunam.

- Məhz Minskdə keçirilən Avropa çempionatında qısa proqramda yeddinci yeri tutandan sonra sizdən bəhs etməyə başladılar. Bu yarışın sizin üçün həyati əhəmiyyətli olduğunu demək olarmı?

- Deməzdim. Şadam ki, qısa proqramda yaxşı sürüşdüm, amma sərbəst sürüşmədə çox pis çıxış elədim. Bütün bunlara baxmayaraq, bu Avropa çempionatı mənə faydalı təcrübə toplamağa və mundialda eyni səhvləri təkrar etməməyə imkan verdi.

- 2018-ci ilin ikinci yarısında siz Minskdə Ice Star beynəlxalq turnirini qazandınız. Sizin üçün bu, karyeranızın ilk qələbəsi idi?

- Bəli. Mən çox sevindim. Çünki Lyublyana gənclər Qran-prisindən sonra soyuqlamışdım və mənim hazırlıq üçün cəmi bir həftə vaxtım var idi. Adətən yarışdan sonra mən iki-üç gün heç nə edə bilmirəm. Hətta buzun üstünə çıxmaq belə çox dəhşətli görünür və elementlərin icrasında dəqiqlik olmur. Amma Aleksandr Sergeyeviç Volkov və atam mənə çox kömək elədi. Ona görə də mən bütün yarışlarda iştirak elədim. Nəticədə proqramı yerinə yetirmək və birinci yerə çıxmaq pis deyildi.

- Minsk və Saytamadan sonra həyatınızda nə isə dəyişdi?

- Mən əslində özüm üçün heç nə qazanmamışam ki, həyatımda hansısa kardinal dəyişikliklər baş versin. Düzdür, mənim haqqımda daha çox yazmağa başladılar və təbrik etdilər. Misal üçün, ad günümdə çoxsaylı adamlar təbrik etdi, hansı ki, onların çoxunu heç tanımırdım. Sözsüz ki, bu, çox yaxşıdır. Amma əsas odur ki, nəticələrimi yaxşılaşdırmaq üçün öz üzərimdə işləməyə davam edirəm. Azərbaycandan da təbrik etdilər, həmçinin Federasiya rəhbərliyi də təbriklərə qoşuldu. Bu, çox xoş idi.

Ölkəmizdə cəmi bir gün olan idmançı: “Azərbaycanı təmsil etməkdən məmnunam”

- Yaxın zamanlar üçün qarşınıza hansı məqsədləri qoymusuz?

- Mən bu olimpiya tsiklində yaxşı sürüşmək, öz proqramımı yaxşılaşdırmaq, onu daha təmiz ifa etmək və texnikalar üzərində çalışmaq istəyirəm. Prinsipcə, təmiz sürüşsəm, nəticəm də yaxşı olacaq. Həmçinin ikinci qiymətləndirmədə artistlik qabiliyyətimi də artırmaq istəyirəm. Burada mənim çatışmazlıqlarım var. Mən ən çox texnika üzərində düşünürəm. Öz bacarıqlarımı açmaq, daha artistcəsinə və yumşaq sürüşmək zəruridir.

- Olimpiya oyunlarında iştiraka ümid edirsiz?

- Əlbəttə. Ora düşməyi çox istəyirəm və bunun üzərində işləyəcəm.

- Son zamanlar çətin fəndləri, xüsusilə də dördqat akseli yerinə yetirən tək çıxış edən qadın fiquristlərin sayı artıb. Bildiyim qədər siz zədə alandan sonra bu fəndi ifa etməkdən vaz keçdiniz…

- Təəssüf ki, mən dördqat akseli ifa etmək istəmirəm. Doğrudur, onda zədəm ciddi deyildi, amma zaman-zaman o, özünü xatırladır, xroniki olmağa başlayıb. Demək olar ki, sağ ayağım həmişə incidir. Bu səbəbdən də həmin fəndi etməyə cəhd göstərmirəm. Qorxulu heç nə yoxdur, çalışıram ki, başqa şeyləri daha yaxşı edim.

Həm də düşünmürəm ki, dördqat akseli bütün fiquristlər yerinə yetirə bilər. Onları adətən kiçik yaşlarından fiqurlu konkisürməyə başlayanlar və uşaqlıqdan üçqat və dördqat akseli yerinə yetirənlər bacarır. Mən uşaqlıqdan onları öyrənməmişəm. Ola bilsin ki, bir sıra fiquristlərə onu ifa etmək çətin olacaq.

- Siz Azərbaycan yığmasına necə düşmüsüz?

- Bu, mənim və valideynlərimin təşəbbüsü ilə olub. Mən beynəlxalq arenada çıxış etməyi çox istəyirdim. Rusiyanın adından bunu etmək real deyildi. Çünki Rusiya yığmasında çox böyük rəqabət var. Nəticədə valideynlərim mənim beynəlxalq səviyyədə çıxış edə biləcəyim ölkəni tapdılar. Dünya arenasında çıxış etmək xoşuma gəlir. Bu, əladır!

- Bəs siz heç Azərbaycanda olmusuz?

- Bəli, mən ötən il Azəbaycanda olmuşam. Öz ad günümdə orada idim. Düzdür, bir gün Bakıda olmaq üçün çox azdır, amma ora mənim xoşuma gəldi. Çox rahat mühiti və həlim dənizi var. Ora bir daha getməyi çox istəyirəm, heç olmasa, 3 gün qalmağı və oranı gəzməyi.

Ölkəmizdə cəmi bir gün olan idmançı: “Azərbaycanı təmsil etməkdən məmnunam”

- Öz çıxışlarınızda Azərbaycan bəstəkarlarının musiqilərindən istifadə etmək barədə heç düşünmüsüz?

- Qarşıdakı mövsümdə musiqi ilə bağlı planlarımız var, amma gələcək perspektivdə əlbəttə ki, bu, mümkündür. Əgər musiqi mənim və məşqçimin xoşuna gəlsə, mən onun sədaları altında sürüşə bilərəm. Niyə də yox?! Bu, ən çox sevdiyim musiqi də ola bilər, Azərbaycan musiqisi də.

- Sizin Yevgeni Plyuşenkonun məktəbində məşq etdiyiniz məlumdur...

- Artıq iki ildir orada məşq edirəm. Yevgeni Viktoroviçlə, eləcə də Aleksandr Sergeyeviç Volkov və onun xanımı Martina ilə işləyirəm. Orada məşq etməkdən xoşum gəlir. Çünki çox əlverişli mühiti, anlayışlı məşqçi heyəti var. Mənə dəstək verən bütün mütəxəssislərə minnətdaram.

- Yevgeni Plyuşenko ilə tez-tez məşq edirsiz?

- Kifayət qədər tez-tez. Yaponiyadan qayıdandan sonra o, bizimlə bütün son günləri işlədi. Yevgeni Viktoroviç məni dünya çempionatı zamanı da dəstəklədi, qısa proqramın ifasından sonra zəng elədi, sərbəst sürüşmədən sonra yazdı. O, məni sərbəst sürüşməyə yaxşı hazırlamışdı və ona görə də mən sonadək səhvə yol verməmək üçün mübarizə apardım. Yaponiyadan qayıdandan sonra Yevgeni Viktoroviç məni təbrik etdi və nələrin üzərində işləməli olduğumuzu dedi, növbəti mövsüm üçün qarşımıza müvafiq tapşırıqlar qoydu.