BAKI, 27 mart — Sputnik. Bu il müsəlmanların müqəddəs Ramazan ayı mayın 6-da başlayacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı təqvimdə bildirilir.
Həmin təqvimə əsasən, Əhya (Qədr) gecələri Ramazanın 18, 20, 22 və 26-cı günlərinə, yəni 23, 25, 27 və 31 may tarixlərinə təsadüf edəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilən 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimində 5-6 iyun tarixləri Ramazan bayramı kimi göstərilib.
Qurani-Kərimin nazil edildiyi Ramazan ayında oruc tutmaq Allah tərəfindən bütün müsəlmanlara vacib buyurulub. Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (622-ci il) ili təyin edilib. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur. Oruc Ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu" da deyirlər.