Eldar Əzizov məmurları cəzalandırıb

Müşavirə zamanı mövcud nöqsanları əks etdirən foto materiallar nümayiş etdirilib
Sputnik

BAKI, 27 mart — Sputnik. Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın və rayonların təsərrüfat və digər xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə şəhərin və onun rayonlarının sanitar təmizlik vəziyyətinə həsr olunmuş xüsusi müşavirə keçirilib.

Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov məlumat verib. Onun sözlərinə görə, bü günlərdə şəhərin müxtəlif rayon və qəsəbələrinin sanitar təmizlik vəziyyətinin yoxlanılması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xüsusi komissiya yaradılıb. Komissiyanın keçirdiyi reydlər nəticəsində ümumi vəziyyətin qənaətbəxş olduğu qeyd olunub, lakin bəzi ərazilərdə, xüsusilə də bir sıra qəsəbələrdə narahatçılıq doğuran problemlərin, o cümlədən kortəbii zibilliklərin mövcud olduğu bildirilib.

Eldar Əzizov restoranın qanunsuz zəbt etdiyi yerlə bağlı qərar verdi

İ.Kərimov qeyd edib ki, müşavirə zamanı mövcud nöqsanları əks etdirən foto materiallar nümayiş etdirilib, çatışmazlıqlar müzakirə olunaraq onların aradan qaldırılması üçün əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və məsələ ciddi nəzarətə götürülüb.

Cavabdeh ərazilərin sanitar-təmizliyinin qənaətbəxş olmadığı üçün, Yasamal Rayon MKTB-nın rəisi Rüfət Əhmədova ciddi xəbərdarlıq edilib, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Zığ qəsəbəsi üzrə nümayəndəsi Səfa İmanova töhmət verilib, onun vəzifədə qalıb-qalmaması məsələsinə baxılması Suraxanı Rayon İcra Hakimiyyətinə tövsiyyə olunub.

Eyni zamanda Bakı Şəhər və Qaradağ Rayon İcra Hakimiyyətlərinin birgə yoxlamalarının nəticəsi olaraq işdə yol verdiyi nöqsanlara görə Qaradağ MKTB-nin rəisi Rasim Əhmədov tutduğu vəzifədən azad edilib. Müşavirədə bir sıra digər vəzifəli şəxslərə xəbərdarlıq edilərək, nöqsanların tam aradan qaldırılması üçün 1 ay vaxt verilib.