Yeni Zelandiya qadınları başlarını örtdü, terror qurbanları üçün cümə namazı qılınır

“Bədənin hansısa bir hissəsi ağrayarsa, bütün vücud acı çəkər, bu gün Yeni Zelandiya sizinlə bərabər acı çəkir”
Sputnik

BAKI, 22 mart - Sputnik. Martın 15-də Yeni Zelandiyanın Kraystçerç şəhərindəki iki məsciddə törədilən qətliam nəticəsində dünyasını dəyişən 50 nəfər üçün cümə namazı qılınır. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu gün terrorda dünyasını dəyişən müsəlmanlara dəstək məqsədi ölkənin bütün şəhərlərində cümə namazı qılınır.

Yeni Zelandiyanın baş naziri terrorçu ilə bağlı qərar verdi

Cümə namazı canlı olaraq ölkənin aparıcı telekanalı və radio dalğası vasitəsi ilə də yayımlanır. Bundan başqa terror qurbanları 2 dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, ölkənin baş naziri Casinda Ardern də cümə namazlarına qatılıb. Çıxışına hədislə başlayan baş nazir, Hz. Məhəmməd peyğəmbərdən sitat gətirib: “Peyğəmbər qarşılıqlı şəfqət, mərhəmət ilə inanan insanların tam bir vücud olduğunu deyib. Bədənin hansısa bir hissəsi ağrayarsa, bütün vücud acı çəkər. Bu gün Yeni Zelandiya da sizinlə bərabər acı çəkir”.

Bundan başqa, cümə namazı ilə əlaqədar təşkil olunan tədbirlərdə terrorun rənginin, irqinin olmadığı qeyd olunub. “Dünya bizdə sevgi və birliyin bariz nümunəsini görə bilər. Qəlbimiz qırıq olsa da, biz qırılmadıq” – deyə şüarlar səsləndirilib.

Anım mərasimi ilə əlaqədar baş nazirin çağırışı ilə mərasimlərə qadınlar başıörtülü qatılıblar.

Xatırladaq ki, martın 15-də baş verən terror aktları zamanı 50 nəfər dünyasını dəyişib, daha 50 nəfər isə yaralanıb.