Altı azərbaycanlının ölümünə səbəb olan türkiyəli sürücünün ailəsi yardım istəyir

Belə ki, daxilində 8 nəfərin olduğu avtomobil Yakup Yazıçının idarə etdiyi TIR-a çırpılıb
Sputnik

BAKI, 19 mart — Sputnik. Azərbaycanda 6 nəfərin ölümünə səbəb olduqdan sonra qaçıb Türkiyəyə gedən TIR sürücüsü, 38 yaşlı Yakup Yazıçı vicdan əzabına dözməyək polisə təslim olub.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, 5 il əvvəl Azərbaycanda qəza törədən TIR sürücüsü vicdan əzabına dözə bilmədiyi üçün polisə təslim olub. 

Türkiyədə qətliam kimi qəza: Çoxlu sayda ölü və yaralı var
TIR-la toqquşan avtomobilin sürücüsünün sərxoş olduğunu və sürücülük vəsiqəsi olmadığını bildirən Yazıçının ailəsi oğullarının cəzasını Türkiyədə çəkməsini xahiş edir. 

Məlumata görə, hadisə 2011-ci ildə Bakıda baş verib. Belə ki, daxilində 8 nəfərin olduğu avtomobil Yakup Yazıçının idarə etdiyi TIR-a çırpılıb. Qəza zamanı 6 nəfər ölüb. Sürücü isə şoka düşdüyü üçün hadisə yerindən qaçaraq Gürcüstandan keçib və Türkiyəyə gəlib.

Ancaq bir müddət sonra Azərbaycanda qəza ilə əlaqəli aparılan araşdırmada digər avtomobilin sürücünün sərxoş olduğu və sürücülük vəsiqəsi olmadığı müəyyən edilib. Yakup Yazıçı isə qiyabi 10,5 il azadlıqdan məhrum edilib. Yazıçı haqqında İnterpol vasitəsi ilə axtarış elan edilib.

Qəzadan sonra Artvinə gələn Yazıçının psixoloji durumu pozulub, kabus görməyə başlayıb. Gecələr yata bilməyən Yazıçı çəkdiyi əzaba dayana bilmədiyi üçün 5 il sonra təslim olmağa qərar verib.

Ailəsindən xəbərsiz Gürcüstana keçən Yazıçı 2016-cı ildə həbs edilib. 9 ay Gürcüstanda həbsdə saxlandıqdan sonra Yazıçı Azərbaycana təhvil verilib və Bakıda cəzaçəkmə müəssisəsinə köçürülüb.

Yazıçının valideynləri isə oğullarının cəzasını çəkmək üçün Türkiyəyə qaytarılmasını istəyir.

Sürücünün atası Zülkif Yazıçı bildirib ki, qəzadan sonra oğlu 5 il əziyyət çəkib və onlardan xəbərsiz gedib təslim olub: "Övlad acısı çəkirik. Bu acıya dözə bilmirik. Biz hər gün ağlayırıq. Oğlum işləyirdi, biz dolanırdıq. Çətin vəziyyətdə qalmışıq. Prezidentimizdən yardım istəyirik", - deyə o bildirib.