Təhlükəli hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq edilir

"Bu cür hava şəraitinin davam etdiyini nəzərə alaraq sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını xahiş edirik"
Sputnik

BAKI, 18 mart — Sputnik. Ötən gecədən başlayaraq müşahidə edilən güclü küləkli hava şəraiti ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi (BNA) şəhər yollarında ictimai nəqliyyat infrastrukturuna nəzarəti artırıb. Bu barədə Sputnik Azərbaycan-a BNA-nın mətbuat xidmətindən məlumat verilib.

Paytaxt sakinlərinə təcili xəbərdarlıq

Məlumata görə, küləyin təsirindən yarana biləcək xoşagəlməz halların vaxtında aşkar edilərək aradan qaldırılması üçün zəruri tədbirlər görülür. Bu məqsədlə Agentliyin mobil qurupları yol nişanları və avtobus dayanacaq pavilyonlarına baxış keçirir.

"Bu cür hava şəraitinin davam etdiyini nəzərə alaraq sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını xahiş edirik. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik. Sürücülər isə hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etməlidirlər" - deyə BNA-dan bildirilib.