İDMAN

Karateçimiz rəqib üzərində yeni taktikanı sınayıb və qızıl medal qazanıb

Qızıl medal qazanan karateçimiz Nuranə Əliyeva Sputnik Azərbaycan-a açıqlama verib
Sputnik

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 15 mart — Sputnik. 4-17 mart tarixlərində Bakıda "Sərhədçi" İdman Olimpiya Mərkəzində 10-cu "Baku Open" Beynəlxalq Karate Turniri keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, yarışın ilk günləri Azərbaycan milli komandası uğurlu nəticə göstərib.

Azərbaycan Milli Karate Federasiyasının yaranmasının 25 illik yubileyinə həsr olunmuş yarışda əvvəlcə böyüklər mübarizə aparır. Yaxın günlərdə milli komandamızı bir neçə gün sonra İspaniyada keçiriləcək Avropa çempionatı gözlədiyi üçün millinin liderləri yarışa buraxılmayıb. Məşqçilər xüsusilə kişilər arasında zədəlilərin çox olduğunu nəzərə alaraq, onları tatamiyə çıxarmağa risk etməyiblər. Onların əvəzinə isə komandanın 2 və 3 nömrələri mübarizə aparıb. Qadınlarda isə zədəlilər az olduğundan, turnirdə komandanın liderləri mübarizə aparıblar.

Dünən yarışda çıxış edərək qızıl medal qazanan karateçimiz Nuranə Əliyeva Sputnik Azərbaycan-a açıqlama verərək deyib ki, hazırda təlim-məşq toplanışındadırlar.

"Məşqlərdə bizə yeni taktika və texnikalar öyrədirlər. Həmin taktika və texnikaları real döyüşdə işlətmək üçün bizi yarışa buraxdılar. Məşqlərdə öyrəndiyim yeni texnikaları rəqiblərim üzərində sınadım və bütün rəqiblərimi üstələyə bildim. Yarışda qalib gəldiyim üçün çox sevinirəm", - deyə Əliyeva bildirib.