CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Birinci vitse-prezidentdən evi talanan görmə əngəlli vətəndaşa qayğı

“155 manat pensiya alıram, onun da 100 manatını kirayəyə verirəm" -
Sputnik

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 14 mart — Sputnik. Xəbər verdiyimiz kimi, bir-iki həftə öncə Bakının "İçərişəhər" və "28 May" metro stansiyalarının qarşısında toxuduğu gülləri satmaqla pul qazanan, ərazi sakinlərinin yaxından tanıdıqları Elçin Abbasovun kirayə qaldığı mənzili talanıb. Evinin talanması nəticəsində E.Abbasova, təxminən 1530 manat məbləğində zərər dəyib.

Dəymiş ziyanın ödənilməsi üçün dəfələrlə polisə müraciət edən E.Abbasov Sputnik Azərbaycan-a açıqlamasında bu cəhdlərin cavabsız qaldığını söyləyib: “Evi talayan, pulu oğurlayan həmin şəxs tapılmayıb. Deyilənə görə, araşdırma davam edir. Polis müxtəlif bəhanələr gətirir. Məni sələmçilikdə ittiham edirlər. Deyirlər ki, evimdə axtarış zamanı müxtəlif sənədlər aşkarlanıb”.

Bakıda evi yarılan məşhur gülsatan: "Polis araşdırmaqda maraqlı deyil"

“Mən isə bildirirəm ki, kiməsə borc verdiyim üçün onların sənədlərini alıb saxlamışam. Amma vəsiqəsi məndə olan şəxsdən şikayətçi deyiləm. O şəxs artıq vəsiqəsini götürüb. Oğru olduğunu düşündüyüm şəxs başqasıdır. O, hər dəfə məndən borc istəyirdi. Pulumun olmadığını desəm də, evdə oldum-olmadım, qapımı döyürdü. Görüb ki, evdə deyiləm, girib pulu götürüb” – deyə həmsöhbətimiz əlavə edib.

Həmçinin bildirib ki, 155 manat pensiya alır: “Onun da 100 manatını kirayəyə verirəm. Belə olan halda, mən necə sələmçiliklə məşğul ola bilərəm? Sələmçiliklə məşğul olsam, gedib dilənərəm. Axı mən bunu etmirəm, əziyyətlə, alın tərimlə pul qazanıram”. 

E.Abbasov deyib ki, haqqında səsləndirilən bu fikirlərdən sonra ona kömək etmək istəyənlərin sayı azalıb: “Evim talanandan sonra yaxınlaşaraq, zəng edərək kömək etmək istəyənlər, hətta bank hesabı açmağı təklif edənlər də oldu. Lakin sələmçi olduğum deyildikdən sonra gələn zənglər susdu”.

Həmsöhbətimiz onu da vurğulayıb ki, Heydər Əliyev Fondu tərəfindən ona vəsait ödənilib: “Martın 8-də Heydər Əliyev Fondundan zəng edildi. Bir şəxs yaxınlaşaraq Mehriban xanım tərəfindən mənə vəsait göndərildiyini söylədi. Buna görə Mehriban xanıma çox təşəkkür edirəm”.

Ehtiyatlı olun, Cənubi Qafqazın "stajlı" oğruları Azərbaycana ayaq açıblar

E.Abbasov ailə həyatı qurması ilə bağlı deyilənlərə də aydınlıq gətirib: “Bir xanım mənimlə ailə həyatı qurmaq üçün telekanala müraciət etmişdi. Rayondan gəlmiş həmin xanımın hər iki ayağı yoxdur. Mən öz vəziyyətimə görə onunla ailə həyatı qura bilmərəm. Ola bilər ki, mən ona qayğı göstərməli olum. Belə olan halda o, artıq mənə dayaq ola bilməyəcək. Həmin xanımın insanlığına böyük hörmətim var”.

“Fiziki məhdudiyyəti olmayan xanımlar da var ki, mənimlə ailə həyatı qurmaq istəyir. Hətta ailə həyatı qurmaq üçün xaricdən gələnlər də var. Fiziki məhdudiyyəti olmayan qadınla da ailə quraram, yetər ki, vicdanı olsun. Normal düşüncə sahibi olan bir xanımla ailə həyatı quraram”.