CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çətin seçim qarşısındayıq: Ya işimizi itirməliyik, ya da...

İki il öncə ortaya atılan suallar hələ də cavabsız qalır
Sputnik

BAKI, 11 mart — Sputnik. Təxminən, iki il əvvəl bu haqda yazmışdıq. Və vətəndaşların adından müvafiq qurumların diqqətinə 5 sual ərz etmişdik:

Camaatın beynini gəmirən beş sual

1) Xidmət sektoru hansı səbəbdən gün (hətta saat) məhdudiyyəti üzrə fəaliyyət göstərir?

2) "Azərsu", "Azərişıq", "Azəriqaz", "Bakıistiliktəchizat" və sair kimi qurumların, həftənin 2 günü qapılarını əhalinin üzünə bağlamağa nə haqqı var?

3) Xəstəxana, bank, "JEK", poçt, ATS kimi xidmət müəssisələrinin, 168 saatlıq həftənin cəmi 45 saatı ərzində çalışması hansı məntiqin məhsuludur?

4) Vətəndaşın 7/24 ehtiyacı olduğu dövlət və qeyri-dövlət qurumlarının növbətçilik qrafiki ilə fəaliyyətini təşkil etməyə nə mane olur?

5) Nəhayət, cari sıxıntıların həlli məqsədilə, müdirin gözündən yayındığıma görə işdən qovulsam, mənim haqqımın bərpa ediləcəyinə dair zəmanət verirsiniz – ümumiyyətlə ölkədə belə bir təcrübə var?

Yəni işləyən vətəndaşın iş günləri ərzində vaxt edə bilməyib, həftəsonlarına, yaxud iş saatından sonraya saxladığı cari qayğılarını həll etməsi qeyri-mümkündür. Məsələn, kommunal ödənişlərini, kredit borclarını ödəyə, xəstəxanaya gedib gözünü-dişini göstərə, eləcə də digər həlli vacib problemlərini aradan qaldıra bilmir.

Ona görə yox ki, iş günləri (və saatları) onun keyfinin saz, digər zamanlar nasaz vaxtına düşür. Ona görə ki, açıq qapı tapa bilmir, fasiləsiz çalışmalı olan qurumlar, xüsusilə xidmət sektoru istirahət edir, əfəndim. "Zəhmət çəkin, iş vaxtı gəlin, dərd-sərininizlə əlləşin, camaatdan ötrü dincliyimizi poza bilmərik" – deyilir vətəndaşa.

"Vacib xidmət sektorları bazar günü də fəaliyyət göstərməlidir"

O zaman özümüz dedik, özümüz də eşitdik. Lakin bu günlərdə müsbət bir işartı göründü – millət vəkili Fazil Mustafa məsələni parlamentin iclasında qaldırdı. Bildirdi ki, hazırda "vətəndaşların ən çox hüquqlarının pozulduğu məsələ xidmət sektorunun bazar günü fəaliyyət göstərməməsi ilə bağlıdır".

Deputat vurğuladı ki, vacib xidmət sektorları bazar günü də fəaliyyət göstərməlidir: "Misal üçün avtomobillərin texniki baxışdan keçirilməsi məsələsi bazar günü rəsmi qaydada həyata keçirilmir. Elə insanlar var ki, onların bunu etmək üçün yalnız bazar günü zamanı var. Yaxşı olar ki, tək bu sahədə deyil, eləcə də digər vacib xidmət sektorları bazar günləri çalışsın. Təbii onlara həftənin bir günü istirahət verilməlidir".

Qeyd etdiyimiz kimi, bu, müsbət haldır ki, vətəndaşın həqiqətən yaralı yerlərindən biri olan iş və qeyri-iş problemlərinin toqquşması faktı Milli Məclis səviyyəsinə dilə gətirildi.

Lakin yenə də orda deyilib, orda yaddan çıxmamalıdır. Zatən, iş tapmağın asan məsələ olmadığı indiki dövrdə sözügedən problemin mövcudluğunu davam etdirməsi vətəndaşı 2 seçim qarşısında qoyur:

- Ya işdən başqa heç nəyi vecinə almamalıdır (ətrafda dünya dağılsın, evin-eşiyin qayğıları baş alıb getsin, can üzülsün və s.)

“Asan Xidmət”dən yararlanmaq istəyənlərin nəzərinə

- Ya da cari qayğıları ilə məşğul olmaq üçün işini itirsin (ki, ac qarına da bunların həlli mümkün deyil).

Bu mənada yeganə çıxış yolu qalır: Əhaliyə xidmət göstərən və vətəndaşın daimi təmasda olduğu dövlət və qeyri-dövlət qurumlarının qeyri-iş günlərində fəaliyyət göstərməsi. Bəllidir ki, həmin orqanların iş günlərində olduğu kimi tam tərkibdə və tam gücü ilə işləməsi onların əməkdaşları üçün sıxıntı yaradar.

Amma növbətçilik əsasında bunu tənzimləmək olar, axı. O zaman qabağımızı kəsən nədir? Xərclərin qismən artmasımı? Artsın! Həmin vəsait vətəndaşın hesabına qazanılıbsa, onun rahatlığı üçün də sərf olunmalıdır.