BAKI, 11 mart — Sputnik. Gün ərzində ikinci təyyarə Azərbaycan paytaxtı Bakıda təcili eniş etmək üçün icazə istəyib. Bu barədə Sputnik Azərbaycan "vesti.ru"-ya istinadən xəbər verir.
Məlumata əsasən "Cargolux" aviaşirkətinin Honkonq-Lüksemburq aviareysini həyata keçirən "Boeing 747-4HQ" tipli təyyarəsi Bakıda eniş etmək üçün icazə istəyib.
Hələlik təyyarənin eniş etmək istəməsinin səbəbi bəlli deyil.
Qeyd edək ki, daha əvvəl "Ural Hava Yolları" şirkətinə məxsus təyyarə Bakıda məcburi eniş edib. Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib ki, Bəhreyndən Moskva şəhərinə uçan "Ural Hava Yolları" şirkətinə məxsus "Airbus A321" təyyarəsi bazar ertəsi Bakı vaxtı ilə saat 14:56-da Heydər Əliyev Beynəlxalq Aeroportunda müvəffəqiyyətlə eniş edib.
"Qəza enişinə səbəb kapitanın hava gəmisində (HG) bomba olmasından şübhələnməsi ilə bağlıdır. Hava limanının bütün qəza-xilasetmə xidmətləri həyəcan siqnalı ilə ayağa qaldırılıb və hazır vəziyyətə gətirilib. Hava gəmisində ekipaj üzvləri də daxil olmaqla, ümumilikdə, 225 nəfər olub. HG komandiri sərnişinlərin təcili təxliyəsi barədə qərar qəbul edib" - deyə məlumatda vurğulanır.