BAKI, 11 mart - Sputnik. 2011-ci il martın 11-də Yaponiyanın şimal-şərqində 8.9 bal gücündə zəlzələ baş verib.
Zəlzələ bir sıra ərazilərdə hündürlüyü 15 metrə çatan sunami yaradıb. Təbii fəlakət 15 min 894 insanın həyatına son qoyub, eyni zamanda, “Fukusima-1” atom elektrik stansiyasında ciddi qəzaya səbəb olub.
Yaponiyanın şimal-şərq sahillərini sunami vurub. Senday liman şəhərində dalğanın hündürlüyü 10 metrə çatıb.
Zəlzələdən sonra Fukusima prefekturasındakı "Fukusima-1" AES-də reaktorlardan birinin soyutma sistemi sıradan çıxıb, ətrafa hidrogen şüalanması yayılıb. Ardınca daha iki reaktorun soyutma sistemi sıradan çıxıb. Həddən artıq qızma nəticəsində stansiyanın işlənmiş nüvə yanacağı saxlanan anbarında partlayış olub, bununla da atmosferə radiasiya yayılmağa başlayıb.
Hadisədən 8 il keçməsinə baxmayaraq, radiasiya çirklənməsi nəticəsində stansiya ətrafındakı 7 yaşayış məntəqəsinin 40 min nəfərdən çox sakini hələ də geri qayıda bilmir.