BAKI, 9 mart — Sputnik. Çempionlar Liqasının 1/8 finalında Hollandiyanın "Ayaks" klubuna məğlub olaraq mübarizəni dayandıran "Real Madrid"də vəziyyət pisləşib.
Sputnik Azərbaycan "Ajansspor"a istinadla xəbər verir ki, oyundan sonra "Real Madrid"in kapitanı Serxio Ramos və prezidenti Florentino Peres arasında dava düşüb.
Oyundan sonra Florentino Peres komandanın paltardəyişmə otağına daxil olaraq futbolçulara ağır sözlər deyib. Serxio Ramos isə komanda yoldaşlarını müdafiə edərək "bunun tək günahkarı biz deyilik. Yayda hücumçu alacağıq dedin, amma almadın" söyləyib. Bu zaman Peres Ramosu komandadan qovmaqla hədələyib. Amma futbolçunun cavabı daha sərt olub: "Müqaviləmin qalan hissəsində nəzərdə tutulan maaşımı verin, bu dəqiqə gedirəm".
Onların çox yüksək səslə mübahisə etdiyi deyilir.
İspaniya Liqasında çempionluqdan getdikcə uzaqlaşan, Kral Kubokunda "Barselona"ya, Çempionlar Liqasında isə "Ayaks"a məğlub olan "Real Madrid"in prezidenti Florentino Peres yeniden fransalı ulduz Zinnədin Zidanı komandanın baş məşqçisi etmək üçün hərəkətə keçib. Amma Zidanın bu təklifi rədd etdiyi deyilir. Digər namizəd kimi Joze Mourinyonun adı çəkilir.
Xatırladaq ki, həm Zidan, həm də Mourinyo "Real"ın baş məşqçisi olublar.