HADİSƏ

Bakıda evi yarılan məşhur gülsatan: "Polis araşdırmaqda maraqlı deyil"

Elçin Abbasov: "Ümumlikdə 1530 manatdan artıq zərər görmüşəm"
Sputnik

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 6 mart — Sputnik. Bakının "İçərişəhər" və "28 May" metrostansiyalarının qarşısında gül toxuyaraq satmaqla pul qazanan, ərazi sakinlərinin yaxından tanıdıqları Elçin Abbasovun kirayə qaldığı mənzili talayıblar. Bu haqda Elçin Abbasov Sputnik Azərbaycan-a açıqlamasında danışıb.

Bakıdakı mənzillər qarət edilib

"Kirayə qaldığım mənzil Ziya Bünyadov prospektində yerləşir. Həftənin bazar ertəsi axşam saatlarında evə döndüm. Əlimi qıfıla atanda, onun açıq olduğunu hiss etdim. Kimsə evə girmişdi. Həmin oğru mənim 800 manatadək pulumu, 30 manat dəyərində olan çamadanımı, qızıl üzüyü, gümüş boyunbağını və bank kartımı oğurlayıb. Ümumlikdə 1530 manatdan artıq zərər görmüşəm" - o bildirib.

E.Abbasov bi neçə nəfərdən şübhəli olduğunu və bununla bağlı artıq Nərimanova RPİ 17-ci polis bölməsinə məlumat verdiyini də bildirib: "Mütəmadi olaraq məndən borc istəyən bir neçə şəxsdən şübhəliyəm. Belələri borc istəyəndə deyirəm ki, "utanmırsız, iki gözünüz ola-ola məndən borc istəyirsiz?" Bu şübhəli şəxslərlə bağlı artıq polisə məlumat vermişəm".

"Lakin 17-ci polis bölməsindən şikayətçiyəm. Onlar bu məsələyə laqeyd yanaşırlar. Deyirlər, "ola bilər ki, dost-tanış gəlib oğurlayıb". Sahə müvəkkili deyir ki, "çalış, heç kəsi evə buraxma"" - müsahibiz vurğulayıb.

"Şübhəli olduğum şəxslərdən digəri anasının əməliyyatına görə məndən pul istəmişdi, mən də yaxınlardan borc-xərc taparaq ona pul vermişdim, demişdim ki, 2 həftəyə pulu qaytarsın. Ona etibar etmədiyim üçün hərbi biletini alaraq girov saxlamışdım. Lakin soyğun zamanı hərbi bilet götürülməyib" - deyə Abbasov əlavə edib.

O, daha sonra sözlərinə bunları əlavə edib: "Mənim kimi insanın daha çox qayğıya ehtiyacı var. Çünki insanlar əlimdən tutanda onları özümə daha yaxın bilirəm. Amma unuduram ki, bəzən ilan da sancmaq üçün insana sarılır".

Qeyd edək ki, E.Abbasov hazırda qardaşı ilə birgə yaşayır.

Məsələ ilə bağlı 17-ci polis bölməsindən Sputnik Azərbaycan-a bildirilib ki, məsələ obyektiv şəkildə sənədləşdirilib: "Hadisə ilə bağlı araşdırma aparılır".

Xatırladaq ki, oğurluq hadisəsi martın 4-də baş verib.