“Hər bir dövlətdə insanları, xüsusən də uşaqları öz dilində yetişdirə biləcək, milli-mənəvi dəyərlərin təbliğ edilə biləcəyi verilişlərin olması lazımdır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında media məsələləri üzrə ekspert Ələsgər Məmmədli deyib.
Ekspert bildirib ki, kanalın 24 saat ərzində ancaq uşaqlar üçün yayım etməsi önəmli deyil: “Gün ərzində iki-üç saat uşaq verilişlərinin olması universal yayımçılığın şərtlərindəndir. Mən düşünürəm ki, burada uşaq kanalından çox, uşaqlar üçün verilişlərin inkişaf etdirilməsi vacibdir. Yəni sadəcə bir kanal açmaqla deyil, digər kanalların da üzərinə öhdəlik qoymaq olar ki, onlar da uşaq verilişlərini inkişaf etdirsinlər. Dövlət hər il özəl telekanallara yardım ayırır. Ayırdığı bu vəsaiti məhz uşaq proqramlarının inkişafı qarşılığında versə, daha effektiv olar. Bu, həm televiziyaya, həm də cəmiyyətə dəstək olar”.
Qeyd edək ki, bir müddət əvvəl Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli gələcəkdə Azərbaycanda ümumrespublika yayımlı uşaq telekanalının yaradılması məsələsinə baxıla biləcəyini demişdi.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz