BAKI, 6 mart — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsselə səfəri davam edir. Sputnik Ermənistan xəbər verir ki, o, Brüsseldə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini və Avropa qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Hanla görüşüb.
Görüşün yekunlarına dair Nikol Paşinyan və Yohannes Han birgə mətbuat konfransı keçirib. Mətbuat konfransı zamanı Paşinyan Qarabağ münaqişəsinin nizamlanmasına dair Azərbaycan Prezidenti İlham Əliyevlə baş tutacaq görüş barədə sualı da cavablandırıb.
"Bizim görüşümüz, həmçinin danışıqlar formatına da həsr olunacaq. Biz hesab edirik ki, münaqişənin nizamlanması üçün ilk effektiv format yaratmaq, Dağlıq Qarabağın iştirakını təmin etmək lazımdır" - deyə Paşinyan bildirib.
Yohannes Han isə öz növbəsində Paşinyanla razılaşmayaraq, xüsusilə vurğulayıb ki, tərəflər Qarabağ münaqişəsinin nizamlanması üzrə mövcud danışıqlar formatını saxlamalıdır: "Söhbət bizim dəstəyimizdən gedirsə, mən hesab edirəm ki, hazırkı danışıqlar formatını saxlamaq lazımdır. Yalnız yenilik üçün nəsə yeni bir şey yaratmağa çalışmaq lazım deyil. Ümumi planda söhbət tərəflər arasında inam əldə olunmasından gedir".