Nigar Məhərrəm, Sputnik Azərbaycan.
BAKI, 27 fevral — Sputnik. Son günlər uşaq ölümləri ilə bağlı mediada müxtəlif məlumatlar yayılır. Həmsöhbətimiz 6 saylı Uşaq Klinik Xəstəxanasının baş həkimi Naibə Məmmədova rəhbəri olduğu xəstəxanadakı ölüm halları və bunun səbəblərindən danışıb.
Sputnik Azərbaycan Naibə Məmmədova ilə olan müsahibəni təqdim edir:
- Son günlər uşaq ölümləri ilə bağlı daha çox məlumat alırıq. Sizin təmsil etdiyiniz xəstəxananın adı da bu hadisələrdə hallanır. İstərdim bu məsələyə aydınlıq gətirəsiniz.
- Belə bir məlumat yayılıb ki, guya uşaq ölümlərinin sayı artıb. Bizim xəstəxanada "İnfeksion" şöbə yoxdur. Biz infeksiya və viruslarla əlaqədar xəstə qəbul etmirik. İstiqamətimiz allergiyalı və endonkrinoloji xəstələri, o cümlədən də bronxit və pnevmoniyadan əziyyət çəkən xəstələri qəbul edirik. Bizə ağır vəziyyətdə gələn xəstələrin əksəri şəkər və bronxial astmadan əziyyət çəkirlər. Bəzən olur ki, şəkər xəstəsi koma vəziyyətində xəstəxanaya gətirilir. Reanimasiyada olan xəstələri isə vəziyyətdən çıxarmağa çalışırıq. Ona görə, deyə bilmərəm ki, buradakı uşaqların hamısı tələf olur.
- Ölüm hallarına səbəb olan əsas amillər hansılardır?
- Valideynlər özlərinə arxayın olaraq uşaqları xəstəxanaya gec gətirir. Bəzən görürsən ki, valideyn özü övladına həkimlik edir, özbaşına aptekdən dərman alaraq ona içirdir. Belə olan halda ölüm halları qaçılmazdır. Düzdür biz yardım edirik, lakin xəstə gec gətirildiyi üçün ölüm halları baş verir. Bu gün ölümlərə səbəb olan əsas amillər gecikmələr və müalicələrin düzgün aparılmaması ilə əlaqədardır. Bu kimi halların azalması üçün də poliklinikalarda xidmətin yaxşılaşdırılmasına ehtiyac var. Sahə pediatrları uşaqlara bir az nəzarət etsələr, xəstəliklər zamanında aşkarlansa, xəstələri vaxtında stasionar müalicələrə göndərsələr, daha yaxşı olar.
- Ötən il xəstəxanada nə qədər ölüm halı qeydə alınıb?
- Bizim Səhiyyə Nazirliyinə təqdim etdiyimiz 2018-ci il hesabatında qeyd olunur ki, ötən il ərzində 6 minə yaxın xəstə xəstəxanada qeydiyyatdan keçib, onlardan yalnız 12-si dünyasını dəyişib. Ötən il üçün xəstəxananın ölüm göstəricisi 0.2 faiz kimi qiymətləndirilib. Reanimasiya şöbəsi olan xəstəxana üçün bu 12 ölüm halı o qədər də yüksək göstərici deyil.
- Öncəki illə müqayisədə bu rəqəmlərdə artım olub?
- 2017-ci illə müqayisədə rəqəmlərdə heç bir artım olmayıb. Lakin öncəki illə müqayisədə 2018-ci ildə xəstə sayında 50-60 nəfər artım olub.
- Ölüm halları daha çox hansı xəstəliklərdən qeydə alınıb?
- Ölümlər əsasən xroniki, uzunmüddətli uşaq serebral iflici, ağır mübadilə pozğunluğu, bundan başqa genetik xəstəliklə əlaqədar olaraq baş verib. Belə uşaqlar müxtəlif xəstəxanalarda uzun müddətli müalicələr aldıqdan sonra xəstəxanamıza gətirilib. Yəni onlar elə gələn gündə ikən dünyalarını dəyişməyiblər. Onlar illərlə ölümlərinə səbəb olan xəstəlikdən əziyyət çəkiblər. Bəlkə də bir uşaq 5 dəfə bu xəstəxanaya gələrək müalicə alıb.
- Bəs xəstənin bu qədər xəstəxanaya gəlməsi ona nəsə kömək etməyib?
- Stinal anioterafiya diaqnozu var. Bu genetik xəstəlikdir, biz belə xəstənin əlavə olaraq "qazan"dığı xəstəliyə görə ona yardım edirik. Lakin uşağın immuniteti olmadığından o kritik vəziyyətdən çıxa bilmir. Biz uşağın genetik xəstəliyinə görə, heç nə edə bilmirik.
- Ata-ananın qohum olmasının da uşaq ölümlərində çəkisi varmı?
- Ata-ananın qohum olmasının da uşaq ölümlərində çəkisi danılmazdır. Sizə bir misal çəkim. Bütün dünyada ananın 35 yaşdan sonra süni mayalanma edilməsi qadağan olduğu halda xəstələrimzidən birinin anası 41 yaşında ikən övlad sahibi olmaq üçün İrana üz tutub. Orada süni mayalanmadan sonra ana olub. Bu uşaq isə şikəst doğuldu. Həmin qadının qızı təxminən 1 ay öncə bizim xəstəxanamızda dünyasını dəyişdi. 11 yaşlı həmin qız otura bilmirdi. Bu uşaq arxası üstdə yataqda qalırdı. Onların nə ixtiyarı var idi ki, 41 yaşlı qadını yoxlamadan, genetik xəstəliklərini öyrənmədən ona süni mayalanma etsinlər? Siz bu uşağa baxsaydınız, deyərdiniz ki, görəsən bu canlıdır? Belə uşaqların hələ ki, terapiyası yoxdur.
- Şəkərli xəstələrin sayı nə qədərdir?
- Xəstəxanamızda olan xəstələrin əsas hissəsini astma, daha sonra isə şəkər xəstələri təşkil edir. Xəstəxanamıza daxil olan xəstələrin təxminən 16 faizi şəkərdir. Bizdə bu vaxtacan 3 ayından 16 yaşınadək şəkər xəstəsi qeydiyyatda olub.
- Reanimasiyada hazırda nə qədər xəstə var?
- Reanimasiyada hazırda 4 xəstə var. Ümumi xəstələrin sayı isə 116-dır. Bu 4 xəstədən ikisi pnevmaniya diaqnozu ilə daxil olub. Bu xəstələrdən birində beyin ödəmi inkişaf edib. 17 yaşlı bu uşağın vəziyyəti artıq yaxşılaşmağa doğru gedir. Digəri serebral iflicdir, xroniki xəstədir. Digər isə psixonevroloji mərkəzdən gətirilən, imtina olunmuş bir uşaqdır. O allergiya ilə reanimasiyaya yerləşdirilib.
- Xəstəxananın vəziyyəti necədir?
- Əsaslı təmirimiz yoxdur. Lakin kosmetik təmirimizi davam etdiririk. Səhiyyə Nazirliyi invertarlarımızı dəyişdi, yeni avadanlıqlarımız var. Təminatımızı davam etdirilir. Reanimasiyamız 5 çarpayılıqdır. Xəstəxanamız 130 çarpayıdan ibarətdir.