CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Ölüm korpusu"nda məhkumların son günü - “Allah sənə rəhmət eləsin!"

Eldar Zeynalov: Ölüm hökmü qorxunc cinayətlərin törədilməsinin qarşısını almır
Sputnik

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 21 fevral — Sputnik. Düz 21 il əvvəl Azərbaycanda ölüm hökmünün verilməsi dayandırılıb. 21 fevral 1998-ci ildə "Cinayət Məcəlləsi, Cinayət-Prosessual Məcəlləsi və İslah-Əmək Məcəlləsinə dəyişikliklərin edilməsi" haqqında Azərbaycan Respublikasının qanunu qüvvəyə minib. Milli Məclis bu dəyişiklikləri 1998-ci fevralın 10-da prezident Heydər Əliyevin Azərbaycanda ölüm hökmünün ləğvini özündə ehtiva edən qanunvericilik təşəbbüsündən sonra qəbul edib.

Həbsxana kamerasında təkbaşına uşaq dünyaya gətirdi

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Hüquq Müdafiə Mərkəzinin direktoru Eldar Zeynalov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanda ilk dəfə 1918-ci ildə ölüm cəzası tətbiq olunub. Lakin ondan iki il sonra ölüm cəzası ləğv edilib. 1922-ci ildə müstəsna hal kimi bu cəza tədbiri yenidən qüvvəyə minib. Lakin 1947-ci ildən 1950-ci ilə qədər onu 25 illik həbs cəzası ilə əvəz ediblər. 1950-ci ildən 1998-ci ilə qədər ölüm cəzası qanunvericilikdə ən yüksək cəza kimi əksini tapıb.

Əvvəllər vətənə xəyanət, casusluq və diversiyaya görə güllələnmə verilirdi. Sonra bu siyahıya ağırlaşdırıcı hallarda qəsdən adamöldürmə də əlavə edildi. 1958-ci ildə ölüm cəzasının verilməsi üçün altı növ cinayətin siyahısı müəyyən edilib. Bunlar vətənə xəyanət, casusluq, diversiya, terrorizm, banditizm və ağırlaşdırıcı hallar nəzərə alınmaqla qəsdən adamöldürmə idi.

Hüquq müdafiəçisinin sözlərinə görə, 1998-ci ildə ölüm hökmü ləğv edilərkən bir zamanlar məşhur olan Bayıl həbsxanasının "Beşinci korpus"unun divarları arasında ölümə məhkum edilmiş 128 nəfər hökmün yerinə yetirilməsini gözləyirmiş. Onların yarısı hazırda ömürlük cəza çəkməkdədir. Ömürlük məhkumlar arasında 20 ildən çoxdur cəza çəkənlər var. Qalanları indiyə qədər sağ qalmayıblar.

"Yeri gəlmişkən, Azərbaycanda ölüm hökmünü tamamilə ləğv etməyiblər. Milli Məclis Cinayət Məcəlləsinin bir sıra maddələrində istisna halları nəzərə almaqla qanuna şərh verib ki, müharibə zamanı istisna hal kimi ağır cinayətlərə ölüm hökmü tətbiq edilə bilər" - deyə Zeynaov bildirib.

Eldar Zeynalov və onun həyat yoldaşı Zaliha Tahirova Bayıl həbsxanasının ləğvinə bir gün qalmış "ölüm korpusu"na baş çəkmiş sonuncu şəxslər olublar. Bu, 2009-cu ildə, düz 10 il əvvəl baş verib. Hazırda onun yerində Bayraq Meydanı dayanır.

"Beşinci korpus"

Zeynalovun cinayət işlərinin materiallarını araşdırması, məhbuslar və Penitensiar Xidmətin işçiləri arasında apardığı sorğu əsasında ortaya çıxardığı detallı tədqiqatların nəticəsi onu göstərir ki, ölüm cəzasının ləğvinə beş il qalmış 13, 14 və 20 fevral tarixlərində "Beşinci korpus"da sonuncu edam cəzaları icra olunub. Burada sonuncu edam edilmiş şəxs ən ağır cəzaya məhkum edilmiş "cəzanı ağırlaşdıran hallar nəzərə alınmaqla iki və daha çox şəxsi qətlə yetirmə" maddəsi ilə ittiham edilən Salman Aslanoviç Fərmanov olub.

O uşaqlar həbsxana şorbasına oxşayan yeməyə baxmağa məhkumdurlar...

Zeynalov "Beşinci korpus"u təsvir edərkən deyib: "Ölüm körpusu"nda 16 kiçik kamera və 1 hamam olub. Bütün kameralar dolu olub. Dəhlizin sonunda – hamamın qarşısında məhbusları qorxuya salan bir qapı var idi. Bu qapının arxasında onları ölüm gözləyirdi. Güllələnmə zirzəmisi bir-birinə bitişik dörd səskeçirməyən otaqlardan ibarət idi. Onların hər biri digərindən aşağı səviyyədə yerləşirdi. Zirzəmidə məhkumun əynini dəyişdirirdilər, sonra onu pilləkənlə aşağıdakı növbəti otağa düşürürdülər. Burada protokola əsasən məhkumu həbsxananın rəisi, nəzarət üzrə prokuror, həkim, icraçı və din xadimi olurdu".

Hüquq müdafiəçisinin sözlərinə görə, adətən məhkumları istirahət günləri güllələyirdilər.

"Həftə içində həbsxana səs-küylü olurdu. Yalnız bazar günləri burada ağrılı bir səssizlik hökm sürürdü. Məhbuslar səslərini içlərinə çəkir və cəzanın icrasının "ənənəvi" səslərini tutmağa çalışdılar. Birdən korpusa xidməti avtomobil gəlirdi. Adamlar maşından düşüb korpusa girirdilər. Dəmir qapıların gözlüyü qapadılırdı, dəhlizdə işıq söndürülürdü, icraçılar qorxunc dəhlizin sonuna gedirdilər" - deyə şahidlər öz xatirələrini hüquq müdafiəçisi ilə bölüşüblər.

Onların dediyinə görə, adətən nəzarətçilər məhkumları qapıya çağırırdılar: "Məhkumlar qapıya yaxınlaşır, nəfəslikdən əllərini qandalın taxılması üçün bayıra uzadırdılar. Gözətçi qandalı taxandan sonra qapını açır və ölümə məhkum edilmiş dustağı zirzəmiyə aparırdı. Yolüstü dustaq kamera yoldaşları ilə sağollaşır, onlara azadlıq arzu edirdi. Cavabında isə bu sözləri eşidirdi: "Allah sənə rəhmət eləsin!" Zirzəmidə əvvəlcə ona bağışlanmaqdan imtina edildiyini deyirlər, sonra isə sonuncu otağa apararaq başının arxasına gülləni vururlar".

Eyni zamanda, tədqiqatçıların və şahidlərin xatirələrinə görə, ölümə məhkum edilmişlər güllənməyə aparılarkən fərqli reaksiyalar verirlər - bəziləri susurlar, bəziləri mərhəmət istəyirlər, bəziləri müqavimət göstərirlər və bəziləri də ölüm hökmü icra edilməmişdən əvvəl infarkt nəticəsində ölürlər.

"1993-cü ilin fevralında illər ərzində müəyyən edilmiş icra qaydası pozulmuşdu. 16 iyun 1992-ci ildə prezidentin səlahiyyətlərini icra edən parlamentin sədri İsa Qəmbər haqqında ölüm hökmü verilmiş bu məhkumları əfv etməkdən imtina etmişdi: Məmmədov Akif Hidayət oğlu, Məmmədov İslam Aslan oğlu, Maddiyev Nizami Maddi oğlu, Şetinov Andrey Nikolayeviç, Fətullayev Elşad Rəşid oğlu və qardaşlar - İsmayılov Qardaşxan Feyruz oğlu, Kazımov Bəylər Feyruz oğlu" - deyə hüquq müdafiəçisi bildirib.

Bu hökmlər yalnız il yarımdan sonra icra edilib. 1993-cü ilin 5 yanvarında daha iki nəfəri - Boqdanov Roman Yeqoroviç və Salman Fərmanovu - bağışlamaqdan imtina ediblər. 13, 14 və 20 fevral tarixlərində 8 nəfəri güllələyiblər, doqquzuncu isə ölüm hökmünün icrasına qədər qalmayıb.

Bakıda əməliyyat: axtarışda olan şəxs həbsxana qarşısında tutuldu

Zeynalovun sözlərinə görə, 132-ci kameranın məhbusu Şetinovun sakit görkəmi olub və o, heç də adamyeyənə oxşamırmış: "Amma 15 il həbs cəzasına məhkum edilən həyat yoldaşı ilə birlikdə bir neçə insanı öldürmüş və parçalamışdı. Şetinov törətdiyi cinayəti heç vaxt inkar etməyib və özü kamera yoldaşlarına danışırmış ki, adam əti yeyib və öldürdüyü adamın qanını içib".

Şetinov bilib ki, bu dəfə onun dalınca gələcəklər. Deyilənə görə, o, kamera yoldaşları ilə vidalaşandan sonra qapıya yaxınlaşır və əllərini qandallanmaq üçün nəfəslikdən bayıra uzadır. Şetinov dəhlizdə nəzarətçidən siqaret istəyir və onun bu arzusu yerinə yetirilir. Şetinov siqaret çəkəndən sonra zirzəmiyə doğru gedir və bundan bir neçə dəqiqə sonra atəş səsi eşidilir.

İsa Qəmbərin qohumlarını öldürməkdə günahlandırılan Qardaşxan və Bəylər qardaşlarını isə icraçı qrup fevralın 20-də birbaşa 121-ci kamerada nəfəslikdən güllələyiblər. Bu kameradakı digər məhbusları şoka salıb. Onların arxasınca gəldikdə qardaşlar kameradan çıxmağa etiraz ediblər. İcraçılar isə vaxt itirmədən onları yerindəcə güllələmək qərarına gəliblər.

"Beşinci korpus"un divarları arasında baş verənlər hadisələrin şahidi olan məhbusların Zeynalova danışdıqlarına görə, nəzarətçilər güllələnmiş dustaqların meyitlərini ayaqlarından tutaraq dəhliz boyunca sürüyürlərmiş. Onların qanı dəhliz boyu döşəməyə bulaşırmış. Edam edilənlər pilləkənlərlə çıxışa doğru sürükləndiyində, onların başları pillələrə dəyib səs edirmiş. Sözügedən korpusun bu günə qədər sağ qalan sakinlərinin sözlərinə görə, həmin səslər sayəsində güllələnmə zirzəmisinin pilləkəninin neçə pilləsi olduğunu sayıblarmış.

Qardaşlardan dərhal sonra 125 nömrəli kameranın sakini Fərmanovu edam ediblər. Onu zirzəmiyə aparandan dərhal sonra iki güllə səsi eşidilib.

"Mən ölüm hökmünün əleyhinəyəm. 1937-cü ildə mənim valideynlərimi güllələyiblər. Onda onlar fəal kommunistlər olublar. Stalin və Molotov onlarla bağlı qərarı şəxsən imzalayıblar. 20 il sonra onlar bəraət aldılar, amma nə olsun? Ölüm cəzası məhkəmənin səhvini düzəltməyə imkan vermir. Heç ağır cəza qorxusu cinayətkarlığı azaltmır da" - deyə Zeynalov bildirib.

Edam edilənlərin cəsədlər hanı?

Edam edilənlərin cəsədlərini valideynlərinə vermirdilər. Dəfn yeri və vaxtı sirr saxlanılırdı. Ehtimal var ki, 1970-ci illərdə güllələnənləri Umbakı qəsəbəsinin yanındakı qəbiristanlıqda dəfn ediblər.

"Yeri gəlmişkən, bu yaxınlarda oradan tapılmış sümüklərin Mikayıl Müşfiqə aid olub-olmadığı barədə müzakirələri heç kəs xatırlamır. Heç kəs cavab vermir ki, bu sümüklər Müşfiqə aid idi, ya yox. Versiyalardan birinə görə, şairin cəsədi dənizə atılıb. Amma mənim versiyama görə, onun cəsədi güllələnəndən sonra köhnə neft quyusunda dəfn edilib. Vaxtilə elə quyuların sayı Bakıda 200-300 idi, dərinliyi isə 40-50 metr olardı. 

"Qoca"nın həbsxana həyatı - VİDEO
Bu quyular hara yoxa çıxıb? Niyə onları heç kəs axtarmır? Mənim nəzərimcə, bu quyular edam edilənləri gizlətmək üçün ən ideal yer idi. Neft yataqlarının olduğu ərazilər həmişə az-çox qorunan ərazilər olub" - deyə Zeynalov bildirib.

Hüquq müdafiəçisi "Böyük terror"un qurbanlarının harada dəfn edildiyi barədə suala da cavab verir: “30-cu illərdə 5 il ərzində Azərbaycanda 28 mindən çox adamı güllələyiblər. Bu isə bir rayonun əhalisi deməkdir. O qədər cəsədi hara eləmək olardı? Nargin adasından başqa yerin adını çəkmirlər.

"İndi çoxlu mübahisələr var ki, ölüm hökmü lazımdır, ya yox. Amerikalılar hələ də bu ən yüksək cəza növündən imtina etməyiblər. Bir sıra ştatlarda hələ də ölüm hökmü qalmaqdadır. Onlar bunu məhz demokratiya ilə izah edirlər ki, guya xalqın səsinə qulaq asırlar" - deyə həmsöhbətimiz bildirib.

Qeyd edək ki, son illərdə bəzi tükürpədən cinayətlər barədə eşidəndə, ictimai fəallar ölüm hökmünün bərpasının vacibliyini dilə gətirirlər. Lakin hüquq müdafiəçiləri bunun qəti əleyhinədirlər. Onlar hesab edirlər ki, ölüm hökmü onsuz da qorxunc cinayətlərin qarşısını almır. Üstəlik, bəzən məhkəmə insanların həyatı barədə yanlış qərar verir, ölüm hökmü isə onu düzəltmək şansı tanımır.