Kamilla Əliyeva, Sputnik Azərbaycan
BAKI, 16 fevral — Sputnik. Ehtiyatda olan polkovnik-leytenant Şakir Əhmədov iki dəfə Qırmızı Bayraq ordeninə layiq görülmüş yeganə azərbaycanlı beynəlmiləl döyüşçü olub. Həmyerlimiz ilk ordeni silah anbarının ələ keçirilməsi əməliyyatında iştirakına görə qazanıb. İkinci dəfə isə bu mükafatı ona ordu generalı, Sovet İttifaqı qəhrəmanı Valentin Varennikov yaralı əsgərləri xilas etdiyinə görə verib.
"Nəzarət məntəqəsində mənim iki döyüşçümü yaralamışdılar, onların ayaqları kəsilmişdi. Mən yaralıları çıxarmağı əmr etdim, özüm isə digər bir döyüşçü ilə mühasirəyə düşdüm, amma xilas olduq" - deyə Şakir Əhmədov ölümlə görüşün dəhşətli dəqiqələrini xatırlayır.
Üstündən 30 il keçməsinə baxmayaraq, beynəlmiləl döyüşçü gənc yaşlarda Əfqanıstana göndərilməsinə və orada ayağını itirməsinə təəssüflənmir. Deyir ki, bu peşəni seçəndə istənilən an nəinki ayağını, həyatını itirə biləcəyini bilirdi.
Bundan başqa, Əhmədov tamamilə əmindir ki, əgər ona ikinci dəfə həyatı yaşamaq imkanı verilsəydi, o, yenə də hərbçi yolunu seçərdi.
- Şakir müəllim, sizin döyüş yolunuz haradan başlayıb?
- 1984-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirəndən sonra Aşqabada hərbi xidmətə getdim. Mənimlə birlikdə Belarusdan olan dostum Vitya Keptik də getmişdi. Ailəli olduğum üçün məni Aşqabada göndərdilər, dostumu ilə Əfqanıstana. Bir qədər sonra mən onun öldüyünü eşitdim... Həmin vaxt qərara gəldim ki, Vityanın intiqamını almalıyam. Əfqanıstana getmək üçün bütün mümkün üsullardan istifadə etdim.
Ora düşəndən sonra başa düşdüm ki, intiqam alacaq kimsə yoxdur. Geriyə isə yol yox idi - mən hərbçi idim və deməli, öz borcumu yerinə yetirməliydim.
Baxmayaraq ki, Əfqanıstanda ağır yaralandım və ayağımı itirdim, düşünürəm ki, bu, mənim üçün yaxşı kişilik məktəbi oldu. Ən əsası isə mən əsl dostlar tapdım. Həyatımda ən yaxşı adamlarla məhz Əfqanıstanda rastlaşmışam.
Əfqanıstan mənim həyatımda böyük rol oynayıb. Bu gün də arzulayıram ki, kaş bizdə də uzaq 1985-86-cı illərdə döyüşmək üçün Əfqanıstana gedən həmin zabitlərdən olaydı. Mən bu gün gələcək zabitləri tərbiyə edirəm (Cəmşid Naxçıvanski adına Ali Hərbi Məktəbdə dərs deyir-red.) və həmişə onlara öz əfqan yolumdan bəhs edirəm.
- Belə mükafatlar, orden və medallarla sizinlə necə fəxr etməmək olar?! Sizin ən böyük nailiyyətiniz nədir?
- Bilirsiz, mənim ən böyük qürur yerim kostyumumun üzərindən asılan ordenlər deyil. Bütün bunları mənim döyüşçülərim qazanıb, bunlar bütün şəxsi heyətin mükafatlarıdır. Mənim üçün mənim məktəbimdən keçmiş etibarlı əsgərdən böyük mükafat yoxdur. Mən heç vaxt ağır yaralandığım və döyüşçülərimin məni döyüş meydanından çıxardıqları günü unutmayacağam.
Bəli, elə zabitlər var, döyüş zamanı öz arxalarına baxırlar ki, kimsə onu arxadan vurmasın. Amma elə zabitlər də var, onlar öz döyüşçülərinə etibar edirlər və bilirlər ki, bir şey olsa, onu darda qoymayacaqlar. Mən Azərbaycanda daha çox məhz belə zabit kadrları görmək istəyərdim.
- Əfqanıstan müharibəsi çoxdan qurtarıb, amma orada iştirak edənlərin çoxu həyatda özlərinə yer tapa bilməyiblər. Müharibə sizin sonrakı həyatınıza necə təsir göstərib?
- Bu mənada mənim ailədə bəxtim gətirib. Rəhmətlik anam məni həmişə dəstəkləyib, milliyətcə ukraynalı olan həyat yoldaşım isə ilk gündən məndən ayrılmayıb. Həyatımda hər şey öz qaydasına gedib: İki övladım (bir oğul və bir qız) var, nəvəm böyüyür.
- Bəs oğlunuzu qaynar nöqtələrə döyüşə göndərərsiz?
- Əlbəttə, istənilən kişi xidmət edərək öz torpağını qorumalıdır. Bizim vətənimiz birdir. Əgər insanın alnına vaxtsız ölüm yazılıbsa, o ölüm burada da baş verəcək. Mən müxtəlif vəziyyətlərə düşmüşəm, dəfələrlə ölümlə üzləşmişəm, amma gördüyünüz kimi sağ-salamatam və bu taledir.
- Maraqlıdır, siz evə məktubunuzda nə yazırdız və nə cavab alırdız?
- Əfqanıstandan evə nə yazmaq olardı ki? Yazırdım ki, hər şey yaxşıdır, sakitçilikdir, heç nə baş vermir. Heç kəs evdəkiləri narahat etmək istəmirdi. Çox çətin hərbi əməliyyatlar olurdu. Mən ikiqat Qırmızı Bayraq ordeninə layiq görülmüşdüm və deməli, yazmaq üçün nələrsə vardı və o mükafatları mənə elə-belə verməmişdilər. Mən yaralananda evə xəbər verməmək qərarına gəldim. Mən Daşkənddə yatmışdım, kliniki ölüm keçirmişdim. Daşkənddə yatanda da evə yazmadım. Məndən soruşurdular ki, niyə heç kəs sənin yanına gəlmir? Dedim ki, əvvəlcə protez sifariş verəcəm, sonra o protezlə evə gedəcəm ki, heç kəs ayağımın kəsildiyini bilməsin. Amma bunu necə gizlətmək olardı?! Orada mənimlə birlikdə bir polkovnik yatırdı. O dedi ki, "ya sən özün yaz, ya da mən yazacağam. Yaxşısı budur sən özün yaz, çünki mən yazsam, evdə daha çox narahat olacaqlar". Odur ki, mən evə yazmalı oldum. Kaş ki, bir qədər tez yazaydım. Çünki mənim müalicəm çox pis olub, yaram sağalmırdı. Yoldaşım Aşqabadda yaşayırdı, valideynlərim isə Sumqayıtda. Anam və yoldaşım eyni gündə yanıma gəldilər. Onlar gələndən sonra mənə baxdılar, yarama əhəmiyyət vermədilər, dedilər, şükür Allaha ki, sağsan.
- Sizin fikrinizcə, gələcəyin zabitlərinə nəyi öyrətmək lazımdır?
- Bizim əla döyüşçülərimiz var. Onlar yalnız əmr gözləyirlər. Mən öz gözlərimlə görmüşəm. Bizim döyüşçülərimiz o vaxtkı döyüşçülərdən yaxşıdır. Bizim ölkəmiz balacadır, Sovet İttifaqı kimi böyük deyil. Əsl zabit hər gün öz poqonundan öpməlidir və deməlidir ki, mən bu uniformanı geyindiyim üçün fəxr edirəm. Elə kursantlar var, onlara baxan kimi bilirsən ki, onlardan hərbçi olmayacaq. Düzdür elə uşaq var ki, görürsən bir qədər dikbaşdır. Amma bu faciə deyil. Başa düşürsən ki, əgər onu düzgün istiqamətləndirsən, gələcəkdə əla zabit olacaq.
- Son olaraq istəyirəm soruşam ki, ümumiyyətlə bu müharibə lazım idimi? Siz nəyin uğrunda vuruşmusuz?
- Bu vacib deyil. Mən zabitəm və əmrləri sorğu-sualsız yerinə yetirməliyəm. Əgər yenə belə vəziyyət yaransa, mən öz qərarıma zərrə qədər də şübhə etməyəcəyəm - silahı götürüb cəbhə bölgəsinə gedəcəyəm. Əgər əfqan müharibəsi olmasaydı, mənim həyatımda bu cür xatirələrim, fəxr etmək üçün əsasım və əlbəttə ki, bu qədər dostlarım olmazdı.