Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 15 fevral — Sputnik. Çoxdandır gözlənilən təyinat nəhayət ki, baş tutub. Xorvatiyalı Nikola Yurçeviç Azərbaycanın futbol üzrə milli komandasının baş məşqçisi postuna gətirilib.
Maraqlıdır, yeni məşqçidən sonra Azərbaycan futbolunun vəziyyəti müsbətə doğru dəyişəcəkmi? Nikola Yurçeviç sayəsində futbolumuz nə kimi uğurlar qazanacaq? Sputnik Azərbaycan idman mütəxəssisləri ilə bu suallara cavab axtarıb.
İdman yazarı Elçin Cəlilov yeni təyinatın nəyisə dəyişəcəyinə inanmır: "Yurçeviçdən də uğurlu xarici və yerli məşqçilər gətirilib millinin başına, ancaq arzuladığımız nəticələr olmayıb. Çünki futbolun inkişafı üçün görülən işlər səmimi deyil. Futbol təsərrüfatımızda pərakəndəlik var, ideoloji xətt yoxdur".
Buna baxmayaraq, yeni məşqçi E.Cəlilova müsbət təsir bağışlayıb: "Arzulamaram ki, o da hörmətsizcəsinə getsin millidən. İlkin təəssüratı mənə xoş oldu. İndiyə kimi əcnəbi məşqçilər içində ən ünsiyyətcil və pozitiv olan məhz Yurçeviçdir. Təki futbolumuzdakı proseslər qaydasına düşsün ki, milliyə gətirilən məşqçilər də oynatmağa "material" tapsınlar".
"Ancaq onunla 1 illik müqavilə bağlanması göstərir ki, AÇ-2020 seçmə tsikli üçün gətirilib. Noyabrda tsikl bitəcək. Nəticə arzulanan kimi olmasa, o da göndəriləcək. Bəlkə böyük hesablı məğlubiyyət oldu və o, daha tez qovuldu. Bilmək olmur, həqiqətən də futbolumuzun gününə artıq "ağlamağın" vaxtıdır" – deyə həmsöhbətimiz qeyd edib.
Sabiq FİFA referisi, tanınmış hakim Tahir Süleymanov isə düşünür ki, Azərbaycanda milliyə baş məşqçi məsələsindən öncə ümumi futbol müzakirə olunmalıdır: "15 ildir futbola dövlət qayğısı, böyük pullar yatırılandan sonra Torres, Foqts, Prosineçki, Qurbanov millidə çalışıb. Yüz milyonların qarşılığında heç bir ciddi uğur əldə edilməyib. İndi də Yurçeviç bundan öncəkilər kimi pulunu qazanıb gedəcək, milli isə yerində sayacaq. Problem ümumi futbol sistemindədir. Əlcək kimi məşqçiləri dəyişməklə futbol düzəlməz".
"Milli futbol piramidasının son mərtəbəsi, pilləsidir. Aşağı mərtəbələr, yəni infrastruktur – uşaq futbolu, düzgün inkişaf strategiyası, idarəçilik, ölkə çempionatının səviyyəsi olmadan millimiz nəticələr qazana bilməz. Bu, aksiomadır" – deyə o vurğulayıb.
Futbol yazarı Natiq Muxtarlının sözlərinə görə, Azərbaycan futbolunda durum elədir ki, nəticə qazanmaq baş məşqçilərin imkanları xaricindədir: "Çox təəssüf ki, AFFA rəhbərliyi bu aksiomanı qəbul etmək istəmir. İndi futbolumuzun əcnəbi baş məşqçiyə ehtiyacı yoxdur. Heç yerli baş məşqçiyə də. İndi bizim futbolçulara ehtiyacımız var. Bizdə uğurlu nəticəni təmin edə biləcək futbolçular yoxdur. Onların yetişdirilməsi ilə isə heç kim məşğul olmayıb. Uşaq futbolunda nə infrastruktur qurulub, nə də kadr potensialı formalaşıb".
"Ancaq AFFA rəhbərliyi israrla nəticə istəyir. Bu da ondan irəli gəlir ki, futbolumuza rəhbərlik edən şəxslər bu oyunun spesifik xarakterindən xəbərsizdirlər. Yığma komanda səviyyəsində uğur əldə etmək istəyən ölkədə öncə futbolçular yetişdirilməli, sonra o futbolçular Avropanın aparıcı çempionatlarında oynamalıdırlar. Rəqabətə davam gətirəcək səviyyədə püxtələşməlidirlər. Martda Azərbaycan yığması Xorvatiya ilə qarşılaşacaq. "Real"da, "Barselona"da oynayan Modriçin, Rakitiçin qarşısına Araz Abdullayevi, Nazarovu çıxardıb, nəticə əldə etmək istəyirlər..." – N.Muxtarlı bildirib.
Onun fikrincə, Nikola Yurçeviç də heç nəyə nail ola bilməyəcək: "Bu məsələdə məşqçinin təcrübəli-təcrübəsiz, səviyyəli-səviyyəsiz olub-olmaması heç bir əhəmiyyət kəsb etmir. Yalnız bircə məqam əhəmiyyət kəsb edir: bizdə məşqçinin tapşırıqlarını yerinə yetirə biləcək səviyyəli futbolçular varmı? Yoxdur!"
"Yurçeviçin də aqibəti əvvəlkilər kimi olacaq. Pulunu qazanacaq, ölkəsinə qayıdacaq. Nəticə olmayacaq, nə olacaqsa, yenə də bizim futbola olacaq. Bizdə futbol yenə də olmayacaq" - Muxtarlı vurğulayıb.
"AFFA rəhbərliyi Yurçeviçə ildə 700 min avro məvacib verəcək. Azərbaycanın bölgələrində - Tovuzda, Mingəçevirdə, Masallıda, Şirvanda, Gəncədə, Qusarda, Qazaxda da uşaqlar futbol oynamaq üçün 2-3 manatlıq top üzünə də həsrətdirlər. Yaxşı olardı ki, AFFA Yurçeviçə verəcəyi pulu uşaq futboluna yatırım edərdi. Bizə məşqçi yox, futbolçu lazımdır" – deyə o, əlavə edib.