Lavrov Putin-Ərdoğan görüşünün əsas mövzusunu açıqladı

Soçidə Rusiya və Türkiyə prezidentlərinin ikitərəfli görüş keçirməsi də planlaşdırılır
Sputnik

BAKI, 13 fevral — Sputnik. Suriyanın İdlib şəhərində vəziyyət Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüşdə müzakirə olunacaq əsas məsələlərdən biri olacaq. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Putin-Ərdoğan-Ruhani görüşündən əvvəl Türkiyəyə kritik səfər

"Təbii ki, prezident Ərdoğanla görüş zamanı İdlib zonasındakı vəziyyət müzakirə olunacaq əsas məsələlərdən biri olacaq. Çünki hamı anlayır ki, "Cəbahət ən-Nusra"-ya bundan sonra bu zonada güclənməyə imkan vermək olmaz. Bu təşkilat nəzarət etdiyi əraziləri üç dəfəyə qədər artırıb" – deyə Lavrov qeyd edib.

Onun sözlərinə görə, Rusiya Suriya ərazisini azad etmək problemini həlli üçün bu ölkənin Silahlı Qüvvələrinə və hökumətinə yardım edəcək.

Qeyd edək ki, Rusiya, Türkiyə və İran prezidentləri Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani fevralın 14-də Soçidə Suriya üzrə keçiriləcək sammitdə İdlibdəki vəziyyəti, siyasi prosesi və Birləşmiş Ştatların öz qoşunlarını Suriya ərazisindən çıxarmasını müzakirə edəcək. Görüşdə, həmçinin Suriyaya humanitar yardım göstərilməsi məsələsi də diqqətdə olacaq.

Xatırladaq ki, üçtərəfli görüşlə yanaşı, Soçidə Rusiya və Türkiyə prezidentlərinin ikitərəfli görüş keçirməsi də planlaşdırılır.