SƏHİYYƏ

Xərçəng xəstəliyi niyə cavanlaşır - Cərrahdan həyəcan siqnalı

"Təəssüf ki, bunlar da inkişaf etdikcə, xərçəng hüceyrələri yaradır"
Sputnik

BAKI, 8 fevral — Sputnik. Bu gün ən geniş yayılan xəstəliklərdən biri də mədə-bağırsaq problemləridir. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının 2-ci cərrahi xəstəliklər şöbəsinin müdiri Xaləddin Musayev bu haqda geniş məlumat verib.

ÜST: Hər il on doqquz milyondan artıq insana xərçəng diaqnozu qoyulacaq

Onun sözlərinə görə, müraciət edən xəstələrin, təxminən, 80 faizinin əsas şikayəti məhz mədə-bağırsaq traktındakı ishal və ya qəbzliklə əlaqəli olur. Bu isə çox vaxt ağır xəstəliklərə, hətta xərçəngə də gətirib çıxarır. 

X.Musayev bildirib ki, bəzən xəstələr müəyyən xəstəliklər ucbatından öd kisəsindən, mədəsindən əməliyyat keçirsə də, əsas patologiya qalır: “Ona görə də xəstələrin əksəriyyəti tam sağalmır, qəbzlik yaranır. Həftədə bir dəfə defekasiya olanda isə orqanizmdə yığılıb qalan toksinlər intoksikasiyaya səbəb olur”.

Professorun sözlərinə görə, zəhərlənmə özünü  bir neçə əlamətlə göstərə bilir: “Bu zaman ürəkbulanma, zəiflik, qusma, halsızlıq müşahidə olunur. İntoksikasiya həm də bədəndə səpkilər yaradır. Bu zaman xəstələr dəri-zöhrəvi həkiminə, allerqoloqa gedirlər, amma müalicənin effekti olmur. Sonradan əsl səbəbin mədə-bağırsaq fonundakı pozulmalarla əlaqəli olduğu bəlli olur”.

Xərçəng xəstəliyi niyə cavanlaşır - Cərrahdan həyəcan siqnalı

“Bağırsağın uzanması və ya bağırsaqda kron xəstəliyi, yoğun bağırsaqdakı kolitlər və s. defekasiyanın normal gedişini əngəlləyir. İkinci səbəb insanın psixi-emosional durumu ilə bağlıdır. Bu hala xüsusilə gənclər arasında rast gəlinir. Məsələn, qəbul imtahanlarına hazırlaşan gənclər gərgin olur, kurslara, repetitor yanına gedirlər və normal qidalanmaları pozulur. Bu da qəbzlik yaradır” – deyə X.Musayev bildirib.

Professor yeniyetmə və gənclərdə yaranan bu problemlərin səbəblərindən də danışıb: “Elə uşaqlar var ki, 5-6 ildir bu rejimlə yaşayırlar. Dərsdən çıxıb dönər yeyirlər. Üstündən də hazır şirələrdən içir, axşama qədər başqa heç nə qəbul etmirlər. Evdə təmiz meyvələrdən çəkdiyimiz şirə bir neçə saat ərzində xarab olur. Mağazalardakı şirələr isə aylarla qalır. Bu şirələrin çox qalması üçün istifadə olunan maddələr orqanizm tərəfindən sovrulmur və birbaşa yoğun bağırsağa çatır. Hər bir orqanizmdə ümumi ansambla tabe olmayan 10-15 faiz atipik hüceyrələr olur. Məhz bu hüceyrələr orqanizmə düşən belə zərərli maddələrlə “dostlaşır” və inkişaf etməyə başlayır”.

Plastik məmulatlara qarşı diqqətli olun: Xərçəng, infarkt və gen pozğunluğu riski var

“Sanki orqanizmin içində avtonomiya yaranır. Təəssüf ki, bunlar da inkişaf etdikcə, xərçəng hüceyrələri yaradır. Bu da son nəticədə orqanizmin bu və ya digər hissəsində xərçəng xəstəliyinin yaranmasına gətirib çıxarır. Ona görə də xərçəng xəstəliyi daha çox cavanlaşır. Bizə müraciət edənlərin, az qala, üçündən biri gənc nəslin nümayəndəsidir” – deyə həkim əlavə edib.

Professorun sözlərinə görə, durumun bu hala gəlib çıxmasında xəstələrin öz günahı da çoxdur: “Məsələn, bəzən belə xəstələrimiz olur ki, onlara dəqiq diaqnoz qoyulması üçün mütləq qastroskopiyaya ehtiyac olur. Amma xəstələr  “şlanq udmaqdan” imtina edir, yaxud da kolonoskopiyaya razı olmurlar”.

Həkim bu yaxınlarda baş verən bir hadisəni də danışıb: “Bu yaxınlarda qarın ağrıları olan, qanla defekasiyaya gedən, zəifləyən bir gənc gəlin yoxlanmaqdan imtina etdi. Ailəsi dedi ki, xanıma, sadəcə bərk soyuq dəyib. İki aydan sonra onu artıq xərəkdə gətirdilər. Anemiya və qanaxma ilə bizə müraciət edən bu xanımda artıq kron xəstəliyinin olduğu aşkarlandı. Əgər vaxtında müayinə olunsaydı, müalicə ilə bu vəziyyəti önləmək olardı".

Yeni cihazla nəfəs verərkən insanın xərçəng olub-olmaması təsdiqlənəcək

"Həmin xəstəni təcili əməliyyata saldıq. Yoğun bağırsaq, sanki bir əski parçasına dönmüşdü, qapqara qaralmışdı. Bir qədər də keçsəydi, perfarasiya olunmalı idi. İndi bu gənc ömürlük illostoma ilə, yəni böyründən çıxan bağırsaqla yaşayacaq” - mütəxəssis vurğulayıb.

O qeyd edib ki, hər bir əməliyyatın da fəsadları ola bilər: “Məsələn, bağırsağı işləməyən 34 yaşlı bir xanım pasiyentdən kolonoskopiya zamanı 12-13 litrə yaxın bağırsaq möhtəviyyatı boşaldıldı. Xəstə əməliyyata razı olmadı. Amma bir müddət sonra qarnı həddən artıq köpmüş formada yenidən bizə müraciət etdi. Sanki hamiləydi, kəskin bağırsaq keçməzliyi inkişaf etmişdi. Əməliyyat uğurla keçsə də, sonradan fəsad ortaya çıxdı, tromboz yarandı”.

“Biz əməliyyatdan öncə xəstələrə belə halların ola biləcəyi haqda xəbərdarlıq edirik. Bu kimi hallar istər xəstə, istərsə də həkim üçün xoşagəlməz haldır” – professor vurğulayıb.