"Azərbaycan-İran əlaqələri qızıl dövrünü yaşayır"

"Çox sevindirici haldır ki, xarici səfər edən azərbaycanlıların 32%-i məhz İranı seçir"
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 8 fevral — Sputnik. "Azərbaycan-İran əlaqələri qızıl dövrünü yaşayır". Sputnik Azərbaycan xəbər verir ki, bunu İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə bildirib. 

Azərbaycan, Türkiyə və İran arasında mühüm anlaşmalar əldə olunub

Səfir qeyd edib ki, İran-Azərbaycan əlaqələrini inkişaf etdirmək üçün yaxşı potensial var: "Bəzi qüvvələr iki ölkənin münasibətlərinin inkişaf etməsindən narazıdır. Həm İran, həm Azərbaycan təhlükəsiz ölkələrdir. Lakin bu təhlükəsizliyin təmin olunması heç də asan başa gəlməyib".

"Azərbaycanla İran arasında 2018-ci ildə ticarət dövriyyəsi 2017-ci illə müqayisədə 73% artıb. Yaxın perspektivdə İran-Azərbaycan əlaqələrini 5 milyard dollara çatdırmağa dair planımız var. İran və Azərbaycan prezidentləri son 5 ildə 12 dəfə həm Bakı, həm Tehran, həm də beynəlxalq konfransda görüşlər keçiriblər" - deyə səfir əlavə edib.

Səfir, həmçinin qeyd edib ki, İrana səfər edən xarici vətəndaşlar arasında azərbaycanlılar ikinci pillədə qərarlaşıb: "Çox sevindirici haldır ki, xarici səfər edən azərbaycanlıların 32%-i məhz İranı seçir. Onlar turizm, təhsil, səhiyyə üçün ölkəmizə gəlirlər. Azərbaycanlılar saya görə İraq vətəndaşlarından sonra İran İslam Respublikasına səfər edən ikinci dövlətdir".