Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 7 fevral — Sputnik. Fevralın 5-i gecə saatlarında Şamaxı rayonunda, Pirqulu stansiyasından 11 km cənub-qərbdə zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda isə 5.3 bala qədər hiss olunub. Yeraltı təkanı hərə bir cür hiss edib, təşvişə düşənlər də olub, heç hiss etməyənlər də.
Sputnik Azərbaycan-ın sosial şəbəkədə sorğu keçirərək insanların zəlzələ zamanı üzləşdiklərini, hər hansı bir zərər görüb-görmədiklərini, ümumiyyətlə, zəlzələni hiss edib-etmədiklərini öyrənib. Aldığımız cavabları olduğu kimi təqdim edirik:
Sevinc Bayramova: "Qəbələdəyəm. Burada heç kəs zəlzələni hiss etməyib".
Rahim Zakiroğlu: "Lənkəranda da zəlzələ hiss olundu, lakin əhalinin çox hissəsi zəlzələdən xəbərsiz olub. Zəlzələni hiss edənlər isə çoxmərtəbəli binaların sakinləri olub. Heç bir ziyan və fəsadı olmayıb".
Qadir İbrahimli: "Mən Bakıda olsam da, zəlzələni "Facebook"da hiss etdim".
Sahibə Süleymanova: "Mən Bakıda, 9-cu mikrarayonda yaşayıram. Çox qorxmuşdum. Divan tərpəndi, televizor hərəkət elədi. Hamımız evdən qaçdıq. Mətbəxdə bir neçə qab-qacaq sınıb. Qorxmuşuq".
Aysel Aslan: "Ailəm Qazaxda yaşayır. Əlaqə saxladım. Heç nə hiss edilməyib".
Amin Nəzərli: "Bakıda yaşayıram. Hiss etdim zəlzələni, sadəcə "Facebook"da".
İsaq Mayılov: "Bakıda yaşayıram. Divanda hiss etdim. Ən azı, 5 bal oldu. Beynimdə sıxılma oldu bir anlıq. Həyəcan keçirdim. Şükür ki, heç bir ziyan dəymədi".
Aydan Əliyeva: "Ələtdə yaşayırıq. Hiss elədik. Çox qorxu keçirdik. İndiyə kimi həyəcan içindəyəm".
Aysel Sultanova: "Şamaxıda daha çox zəlzələ hiss olunub. 2 saylı məktəbin divarları çatlayıb, 3 mərtəbəsi sökülüb, anamgildə şkafdan qablar tökülərək sınıb, qaz-işiq sönüb. Zəlzələ zamanı infarkt olan var, dili tutulan var".
Vəfa Fərəc: "Qobuda yerləşən"Qobu parkda" sakinlərin bir qismi zəlzələni daha çox hiss edənlər olub. Onlar təlaşla evlərindən çıxıb həyətdə toplaşmışdılar. Biz isə heç nə hiss etmədik".
Xatırladaq ki, fevralın 5-i gecə saat 23.20 radələrində baş vermiş zəlzələ nəticəsində Şamaxı rayonunun yaşayış evlərinə, eləcə də bir sıra qeyri-yaşayış obyektlərinə külli miqdarda ziyan dəyib. Yerli sakinlərin bir çoxu yeraltı təkanların təkrarlanacağından qorxaraq gecəni küçədə keçirib.
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, zəlzələ nəticəsində Şamaxı rayonunun Şəhriyar qəsəbəsində bir yaşayış evində dağıntı baş verib. İlkin məlumatlara əsasən, dağıntılar zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Daha çox dağıntı rayonun Qəleybuğurt, Qızmeydan və Nağaraxana kəndlərində qeydə alınıb. Həmin kəndlərdə səyyar tibb məntəqələri qurulub. Dağıntılar zamanı xəsarət alanların sayının artdığı və onların əksəriyyətinə ambulator yardım göstərildiyi bildirilir.
Bundan başqa, baş vermiş zəlzələ nəticəsində həyətyanı sahələrın divarları uçub. Eləcə də evlərin barılarında böyük çatlar və dağıntılar əmələ gəlib.
Zəlzələ zamanı şəhər 2 saylı tam orta məktəbin binası da qəzalı vəziyyətə düşüb. İki korpusdan ibarət olan məktəbin 2-ci korpusunun tavan hissəsi çöküb. Binanın 3-cü və 2-ci mərtəbəsində çatlar yaranıb.
Məktəbin qəzalı vəziyyətə düşən korpusuna şagird və müəllimlərin girişi qadağan edilib. Məktəbin 1-ci korpusu birmərtəbəli olduğundan binaya ziyan dəyməyib.
Həmçinin, Şamaxının bir çox köhnə məktəb binalarında da xırda çatlar əmələ gəlib. Əraziyə aidiyyəti qurumların rəsmiləri baxış keçiriblər.