Çavuşoğlu Vaşinqtonda azərbaycanlı tələbələrlə görüşüb

Görüşdə paytaxt Vaşinqton şəhəri, Virciniya, Merilənd, Delaver, Meyn ştatları və Çikaqo şəhəri universitetlərində təhsil alan azərbaycanlı və türk tələbələri, eləcə də Türk-Amerika Əlaqələndirmə Komitəsi iştirak edib
Sputnik

BAKI, 7 fevral — Sputnik. ABŞ-Azərbaycan Ticarət Palatasının dəvəti ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun ABŞ paytaxtının tarixi Corctaun ərazisində yerləşən Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində azərbaycanlı və türk tələbələri ilə görüşü baş tutub. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Ticarət və Mədəniyyətdən məlumat daxil olub.

Görüşdə paytaxt Vaşinqton şəhəri, Virciniya, Merilənd, Delaver, Meyn ştatları və Çikaqo şəhəri universitetlərində təhsil alan azərbaycanlı və türk tələbələri, eləcə də Türk-Amerika Əlaqələndirmə Komitəsi iştirak edib. 

"Qarabağ münaqişəsini həll etmək lazımdır" – Çavuşoğlu Paşinyana cavab verdi

Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində türkiyəli baş diplomatı Mərkəzin nəzdində fəaliyyət göstərən "Azərbaycan Məktəbi"nin kiçik yaşlı şagirdləri milli geyimlərdə salamlayıb, iki dövlətin birliyi və qardaşlığını ifadə edən şerlər söyləyiblər. Nazir azərbaycanlı uşaqlarla xatirə şəkli çəkdirib.

ABŞ-Azərbaycan Ticarət Palatasının İcraçı Direktoru Natiq Baxışov tədbiri açaraq, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində salamlamış, Mərkəzin dəvətini qəbul etdiyi üçün təşəkkürünü ifadə edərək sözü türkiyəli yüksək qonağa verib.

Cıxış edən türkiyəli baş diplomat ABŞ-a səfərləri zamanı türk diaspor və tələbə təşkilatları ilə görüşdüyünü bildirib, lakin budəfəki səfəri zamanı Azərbaycan Mərkəzindən aldığı dəvətin ilk dəfə olduğunu vurğulayaraq öz minnətdarlığını ifadə edib. Çıxışı zamanı o, ABŞ-Türkiyə münasibətləri, bu münasibətlərin hazırkı durumu, Türkiyənin regional siyasəti, eləcə də Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətləri barədə danışıb.

O, özünü təkcə türk diplomatı deyil, eyni zamanda Azərbaycan diplomatı olaraq da hiss etdiyini bildirərək, bir neçə il öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ermənistan rejiminin o zamankı rəhbərliyinə Türkiyənin olmadığı yerdə Azərbaycanın olduğu yerdə verdiyi sərt cavabı xatırladaraq, türk xalqının bunu heç bir zaman unutmayacağını bildirib. 

Daha sonra görüş tələbələrlə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında fəal sual-cavablar formasında davam edib. Tələbələr Türkiyənin Suriya və Yaxın Şərq siyasəti, Türkiyə-Azərbaycan münasibətləri və bu münasibətlərin möhkəmlənməsində xaricdə yaşayan azərbaycanlı və türk toplumlarının birgə fəaliyyətlərinin rolu, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, ATƏT-nin Minsk Qrupunun bu istiqamətdə fəaliyyəti və s. barədə onları maraqlandıran sualları qonağa ünvanlayıb.

Çavuşoğlu ABŞ-ın qərarına görə təcili Moskvaya gəlir

Türkiyəli yüksək qonaq, çıxışı zamanı, xüsusilə Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin önəmini vurğulamış, iki dövlətin birgə həyata keçirdiyi regional meqa layihələrə istinad edərək bundan sonra da dövlətlər və xalqlar arasında münasibətlərin birgə iqtisadi və biznes təməlləri üzərində daha da möhkəmlənəcəyinə inamını ifadə edib. O, iki dövlətin güclənməsi yolu ilə mövcud problemlərini həll edə biləcəyini ifadə edib.

Sonda ABŞ-Azərbaycan Ticarət Palatası adından türkiyəli yüksək qonağa xatirə hədiyyəsi təqdim edilmişdir. Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu da, öz növbəsində, dəvətə görə Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirib və öz adından xatirə hədiyyəsi təqdim edib.

ABŞ-Azərbaycan Ticarət Palatası 1995-ci ildə ABŞ və Azərbaycan arasında ticarət və biznes əlaqələrinin genişləndirilməsi məqsədilə təsis edilib. 2000-ci ildə palatanın nəzdində Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzi təsis edilib. Palatanın paytaxt Vaşinqtonun qədim hissəsi olan Corctaun ərazində yerləşən binası Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən açılıb.