BAKI, 5 fevral — Sputnik. "Özümü yaxşı hiss edirəm. Hələ ki, yataqdayam. Yanıma gəlmək olmaz". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında bir müddət əvvəl əməliyyat olunan Xalq artisti Ramiz Əzizbəyli deyib.
Xalq artisti ayağındakı problemlə bağlı bunları deyib: "Bir ayağımı kəsiblər. İkinci ayağımı da kəsməli idilər. Lakin həkimlər hələ ki, fikirləşirlər. İkinci ayağımı kəsib-kəsməməkdə qərarsız qalıblar. Hələ ki, biz onların cavabını gözləyirik".
Xalq artistinin sözlərinə görə, ehtimal ki, onun ikinci ayağı kəsilməyəcək.
R.Əzizbəyli səhhətindəki ümumi vəziyyətdən də danışıb: "Digər xəstəliklər unuduldu. Hər şey öz qaydasındadır".
Xatırladaq ki, ötən ilin dekabrında Xalq artisti Ramiz Əzizbəyli sol ayağında yaranan qanqrenə görə əməliyyat olunmuşdu. Xalq artistinin qızı isə saytımıza açıqlamasında atasının digər ayağında bənzər riskin yaranmaması üçün Ramiz Əzizbəylinin yenidən əməliyyat oluna biləcəyini söyləmişdi.