BAKI, 4 fevral — Sputnik. Xəbər verdiyimiz kimi, Bərdə rayonunda iki körpə uşaq valideyni tərəfindən çölə atılıb. Çölə atılan körpələr Bərdə Rayon Uşaq Xəstəxanasına yerləşdirilib. Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyindən verilən məlumata görə, hazırda onların səhhəti yaxşıdır.
"Xəstəxanada uşaqlar üçün xüsusi palata ayrılıb. Sağlamlıqları ilə bağlı hansısa problem yoxdur" – deyə Səhiyyə Nazirliyindən verilən məlumatda bildirilib.
Qeyd edək ki, valideynləri tərəfindən atılan oğlan uşağı 8 aylıq, qız uşağının isə yaş yarımlıq olduğu söylənilib. Tapılan zaman baxımsız vəziyyətdə olan körpələr Rayon Uşaq Xəstəxanasına yerləşdirilib.
Hadisədən sonra Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları bu istiqamətdə əməliyyat axtarış tədbirlərinə başlayıblar və qısa zamanda körpələrin anasının kimliyi məlum olub.
Qazax rayonunun Kəmərli kənd sakini olan Yeganə Nemət qızı Osmanovanın Bərdə rayonunda işlədiyi məlum olub. O, uşaqlarını maddi çətinlik ucbatından saxlaya bilmədiyini və buna görə atdığını bildirib.
Faktla bağlı araşdıma aparılır.