İQTİSADİYYAT

Yunan baş nazir türklərə Azərbaycanın nəhəng layihəsindən danışdı

Tsipras eyni zamanda Ankara və Afina arasında effektiv əməkdaşlığa əmin olduğunu bildirib
Sputnik

BAKI, 4 fevral — Sputnik. "Yunanıstan Türkiyə ilə, ümumilikdə, xalqların və regionunun maraqlarına cavab verən dialoqun tərəfdarıdır". Sputnik Azərbaycan xəbər verir ki, bunu Yunanıstan baş naziri Aleksis Tsipras "Anadolu" agentliyinə Türkiyəyə səfər öncəsi müsahibəsində bildirib.

Baş nazirin fikrincə, Türkiyə-Yunanıstan münasibətlərində tarixi addımların atılması üçün şərtləri formalaşdırmaq lazımdır.

Tsipras, eyni zamanda Ankara və Afina arasında effektiv əməkdaşlığa əmin olduğunu bildirib.

Politoloq: “Azərbaycan TAP-ı həyata keçirərkən regiondakı vəziyyəti nəzərə alıb”

Onun sözlərinə görə, hər iki ölkə arasında energetika sahəsində də əməkdaşlığın pozitiv nəticələri görünür: "Ankara və Afina Trans Adriatik qaz kəməri (TAP) və Türk Axını layihələrinin tikintisini müzakirə edir".

Baş nazir, həmçinin vurğulayıb ki, Türkiyə 4 milyon qaçqın qəbul edib və dünya birliyi bu faktı nəzərə almalıdır: "Avropa İttifaqı qonşumuza əlindən gələn yardımı etməlidir".

Tsipras qeyd edib ki, onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətləri hörmət, səmimiyyət və dürüstlük üzərində qurulub.

O, həmçinin xatırladıb ki, Ərdoğan Yunanıstana səfər edən ilk Türkiyə lideridir.

Qeyd edək ki, TAP layihəsi Xəzər regionundan qazın Yunanıstan, Albaniya və Adriatik dənizi vasitəsilə İtaliyanın cənubuna, oradan isə Qərbi Avropaya nəqlini nəzərdə tutur. Azərbaycana məxsus "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə ikinci mərhələ çərçivəsində hasil ediləcək qaza layihə üçün əsas mənbə kimi baxılır.

İlkin olaraq TAP boru kəmərinin gücü il ərzində 10 milyard kubmetr təşkil edir. Onu il ərzində 20 milyard kubmetrədək artırmaq imkanı mövcuddur.

İsveçrənin "AXPO" (42,5 faiz), Norveçin "Statoil" (42,5 faiz) və Almaniyanın "E.ON Ruhrgas" (15 faiz) şirkətləri TAP layihəsinin səhmdarlarıdır.