İQTİSADİYYAT

Mağazalarda xərclədiyiniz pulun bir hissəsi sizə qaytarılacaq, amma bir şərtlə

"Ola bilər, nağdsız ödəniş edənlərin pulu karta köçürülsün, nağd şəkildə ödəniş edənlər isə çekləri yığıb müvafiq yerlərə versin və pulu oradan alsınlar"
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 31 yanvar — Sputnik. 2019-cu il yanvarın 1-dən başlayaraq fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycanda pərakəndə ticarət və ya ictimai iaşə (restoran, kafe, çayxana və s.) fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) nağdsız ödəmələr üzrə 15%, nağd ödənişlər üzrə isə 10%-i geri qaytarılmalıdır.

ƏDV-nin bir hissəsini geri ala biləcəyik - Bunun üçün nə etməli?

Yeniliyi Sputnik Azərbaycan-a şərh edən bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib ki, hələlik, bununla bağlı konkret qaydalar qəbul edilməyib, amma hər halda yaxın vaxtlarda qəbul ediləcək: "Vətəndaşlar marketlərdən mal alanda və yaxud kafe, restoranlara gedəndə onlara verilən çekləri atmasınlar, saxlasınlar. Əhalinin mağazalara, kafelərə, restoranlara etdiyi ödənişin 18 faizi əlavə dəyər vergisidir. Əgər alıcı ödənişi nağd şəkildə edibsə, əlavə dəyər vergisinin 10 faizi ona qaytarılacaq. Nağdsız ödəniş ediblərsə, əlavə dəyər vergisinin 15 faizi geri qaytarılacaq".

O bildirib ki, mağazadan 100 manatlıq alış-veriş edirsənsə, bunun 18 faizi, yəni 18 manatı ƏDV-dir: "Nağd şəkildə ödəniş olubsa, ödənmiş əlavə dəyər vergisinin 10 faizi, yəni 1 manat 80 qəpiyi alıcıya qaytarılacaq. Nağdsız şəkildə ödəniş olubsa, ödənmiş əlavə dəyər vergisinin 15 faizi, yəni, 2 manat 70 qəpiyi geri qaytarılacaq".

Ə.Həsənovun sözlərinə görə, bu, pərakəndə ticarət və ya ictimai iaşə sahəsində qeyri-rəsmi dövriyyəyə imkan verməmək üçündür: "Vətəndaş biləndə ki, əlavə dəyər vergisinin bir hissəsi ona geri qaytarılacaq, o zaman çek tələb edəcək. Çek vurulmursa, vergidən yayınma baş verir. Amma bu yolla alıcı satıcını məcbur edəcək ki, çek versin".

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev də Sputnik Azərbaycan-a deyib ki, mağazadan 500 manatlıq alış-veriş edən şəxsə, orta hesabla, 12 manata yaxın pul geri qayıdacaq: "Pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslər bu işi həyata keçirməklə ilk növbədə sanksiyalardan qurtulmuş olurlar və həmin şəxslərə güzəşt də ediləcək".

"Alıcılar artıq çekləri yığsınlar. Hazırda bununla bağlı Vergilər Nazirliyi tərəfindən bir sistem hazırlanır. Ola bilər, nağdsız ödəniş edənlərin pulu karta köçürülsün, nağd şəkildə ödəniş edənlər isə çekləri yığıb müvafiq yerlərə versin və pulu oradan alsınlar" - deyə ekspert bildirib.

Qeyd edək ki, nəzarət-kassa aparatının çeklərində vergi ödəyicisinin adı, VÖEN-i, çekin vurulmasının tarixi və saatı, təsərrüfat subyektinin adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və ya xidmətin (işin) adı və s. olmalıdır.

Vergi güzəştləri ilə bağlı yeni təklif var

Xatırladaq ki, vergilər nazirinin müavini Sahib Ələkbərov ötən ay KİV-ə açıqlamasında deyib ki, ümumi mövqe nağdsız hesablaşmadan həm alıcının, həm də satıcının, yəni sahibkarın faydalana bilməsidir: "Məsələn, ödəniş nağdsız qaydada, POS-terminal vasitəsilə aparıldıqda əlavə dəyər vergisinin 15 faizi alıcıya qaytarılacaq. Ödəniş nağd şəkildə aparıldıqda isə alıcıya nəzarət-kassa aparatı vasitəsilə həyata keçirilən hesablaşma çeki əsasında əlavə dəyər vergisinin 10 faizi qaytarılacaq".

"Sahibkara gəldikdə isə onun ümumi dövriyyəsindəki nağdsız hesablaşmaların xüsusi çəkisi müəyyənləşdiriləcək və həmin məbləğə 25 faiz güzəşt tətbiq olunacaq. Dövlət bunu ona görə edir ki, həm sahibkar-satıcı, həm də istehlakçı-alıcı nağd hesablaşmada maraqlı olmasın" – deyə nazir müavini qeyd edib.