BAKI, 28 yanvar — Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 2016-2018-ci illər ərzində 3 min nəfərə yaxın vətəndaş daimi iş yeri ilə təmin olunub.
Bu barədə Sputnik Azərbaycan-a AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
Onun sözlərinə görə, dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) hesabına AAYDA tərəfindən həyata keçirilən yol infrastrukturu layihələri çərçivəsində 2018-ci ildə 615 nəfər vətəndaş daimi iş yeri ilə təmin olunub, 470 nəfər isə müqavilə əsasında yol tikintisi işlərinə cəlb edilib: "Cari ildə də daxili investisiya hesabına həyata keçirilən və keçiriləcək yeni yol infrastrukturu layihələrində çalışmaq üçün müqavilə ilə daha 300 nəfərə yaxın vətəndaşın işlə təmin olunması nəzərdə tutulur".
Nəcəflinin sözlərinə görə, yeni yol infrastrukturu layihələri aşağıdakılardır:
1. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolu;
2. Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Xaldan-Şəki hissəsi;
3. Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazax-Qırmızı körpü hissəsi;
4. Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Astara-İran sərhədi hissəsi;
5. Ucar-Zərdab-Ağcabədi avtomobil yolu;
6. Bəhramtəpə-Biləsuvar avtomobil yolu.
"Sözügedən avtomobil yollarında həyata keçiriləcək yenidənqurma və tikinti işlərinə cəlb olunması üçün yolların keçdiyi rayonlar üzrə Məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyatda olan yol fəhlələri və yol tikintisi sahəsi üzrə, yola aid xüsusi texnikaların, maşın-mexanizmlərin idarə edilməsində təcrübəsi olan vətəndaşlar AAYDA-nın həmin rayon və şəhərlərdə yerləşən Yol İstismarı Məhdud Məsuliyyətli Cəmiyyətlərinə müraciət edə bilərlər", – deyə o əlavə edib.