Dünyada 262 milyon uşaq məktəbə getmir - MÜRACİƏT

BMT Baş katibi Beynəlxalq Təhsil Günü ilə bağlı müraciət yayımladı
Sputnik

BAKI, 25 yanvar — Sputnik. Birləşmiş Millətlər Təşkilatının baş katibi Antoniu Quttereş bu gün ilk dəfə olaraq qeyd olunan Beynəlxalq Təhsil Günü ilə bağlı müraciət yayıb.

Azərbaycan tərəfi BMT-nin baş katibinə etiraz edib

Sputnik Azərbaycan-a BMT-nin Bakı ofisindən daxil olan məlumata görə, baş katib müraciətində təhsilsizliyin yaratdığı bir sıra problemlərə toxunub. O, yalnız təhsil yolu ilə yoxsulluğun aradan qalxacağına inandığını bildirib. Uzun illər müəllim işlədiyini xatırladan baş katib bildirib ki, bu gün təhsil Dayanıqlı İnkişaf Məqsədlərinin mərkəzində dayanır.

"Bərabərsizliklərin azaldılması və səhiyyənin inkişafı üçün təhsilə ehtiyacımız var. Eyni zamanda, gender bərabərliyinə nail olmaq və uşaq nikahlarını aradan qaldırmaq üçün təhsilə ehtiyacımız var. Həmçinin, planetimizin sərvətlərini qorumaq üçün təhsilə ehtiyacımız var" – deyə baş katib vurğulayıb.

A.Qutteres bəyanatında təhsil alan uşaqların sayına da istinad edib: "Əksəriyyəti qız olmaqla hələ də ən azı 262 milyon uşaq, yeniyetmə və gənc məktəbə getmir. Məktəbə gedən daha milyonlarla insan isə ibtidai biliklərə sahib deyil. Bu isə onların təhsil hüququnun pozulması deməkdir".

"Tədqiqatlar göstərir ki, bütün qız və oğlanlar orta təhsili tamamlasa, 420 milyon insan yoxsulluqdan qurtula bilər. Bu səbəbdən, gəlin, təhsili ortaq faydamız kimi prioritetləşdirək" – deyə baş katib əlavə edib.