BAKI, 25 yanvar – Sputnik. Venesuela prezidenti Nikolas Maduro Ali məkəmədə çıxışı zamanı vəzifəsini tərk etmək niyyətində olmadığını bildirib.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Venesuelanın xəbər agentliyi məlumat yayıb.
"Mən heç vaxt vətən qarşısındakı öhdəliklərimdən imtina etməmişəm, bunu heç vaxt etməyəcəyəm" - deyə o bildirib.
Bundan əvvəl ordu rəhbərliyi prezidentin yanında olduğu barədə bəyanat verib. müdafiə naziri Vladimir Padrinyo Lopes mətbuat konfransında Venesuelada baş verənləri “dövlət çevrilişi” adlandırıb.
“Qanuni hakimiyyətə, demokratiyaya, legitim Prezident Nikolas Maduroya qarşı yönələn dövlət çevrilişi barədə xəbərdarlıq edirəm” - deyə o vurğulayıb.
Artıq etiraz aksiyaları zamanı ölənlərin sayı 26 nəfərə çatıb. Bu barədə "Venesuela sosial münaqişələr rəsədxanası"nın (OVCS) "Twitter"ə yerləşdirilən məlumatında deyilir.
Bildirilir ki, söhbət şəxsiyyəti müəyyənləşdirilən ölənlərdən gedir.
Ölən və yaralananlar barədə rəsmi məlumat isə yoxdur.
Xatırladaq ki, Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib.
Onun ardınca Amerika lideri Donald Tramp müxalifyönlü Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb.