İDMAN

İdmançılarımızı ilin ilk sınağı gözləyir

Karate1 Premyer Liqa seyirasından ilin ilk turnirində 82 ölkədən 776 idmançı iştirak edəcək
Sputnik

 

BAKI, 24 yanvar — Sputnik. Böyüklərdən ibarət milli komanda yeni yarış mövsümünə start verib. Qəbələdə təlim-məşqlərin ardından 18 nəfərlik heyət, 25-27 yanvar tarixlərində Fransanın paytaxtında "Paris Open" Karate1 Premyer Liqa turnirinə yollanıb.

Karate Federasiyasının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, məşqçilər əsas heyətdən əlavə bir neçə çəkidə əvəzedici heyətə də nüfuzlu yarışda iştirak etmək imkanı yaradıb. 

Karateçilərimiz uğurla geri dönürlər

Onlardan Firdovsi Fərzəliyev (- 60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə və Hümmət Baxşəliyev (üçü də -67 kq), Rafael Ağayev (-75 kq), Roman Heydərov (kata), Nuranə Əliyeva və Fidan Teymurova (ikisi də -50 kq) və İlahə Qasımova (-55 kq) turnirin ilk günü, Ayxan Mamayev, Turqut Həsənov və Pənah Abdullayev (üçü də -84 kq), Şahin Atamov, Asiman Qurbanlı və Əli Cəfərov (üçü də +84 kq), eləcə də Fəridə Abiyeva (-61 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq) isə şənbə günü mübarizəyə qalıtacaq. Medallar uğrunda həlledici görüşlər bazar günün keçiriləcək. Bu yarış həm də kumite üzrə yeni baş məşqçi, türk mütəxəssis B.Kandazın Azərbaycan karateçiləri ilə ilk rəsmi turniri olacaq.

Dünya Karate Federasiyasının (WKF) mötəbər Karate1 Premyer Liqa seyirasından ilin ilk turnirində 82 ölkədən 776 idmançı iştirak edəcək. Karateçilər hər qələbəyə və medallara görə dünya reytinqində mövqelərini gücləndirməkdən əlavə, olimpiya və Avropa Oyunlarına vəsiqə almaq uğrunda reytinq xalları da qazanmağa çalışacaq. İdmançılarımızın çıxışından nəticələr mətn halında canlı təqdim olunacaq.