BAKI, 24 yanvar — Sputnik. Dünən məlumat verdiyimiz kimi, artıq bir neçə gündür, mağazalarda çay sodası tapmaq mümkün deyil. Satıcılar, marketlərin rəhbərləri çay sodasının gətirilməməsinin səbəbləri barədə xəbərsiz olduqlarını deyirlər.
Məsələyə aydınlıq gətirmək üçün Sputnik Azərbaycan-ın əməkdaşı ölkəmizə soda gətirilməsini həyata keçirən şirkətlərdən biri - "Tural İ-91" şirkəti ilə əlaqə saxlayıb. Şirkətin direktoru İslam Babaşxanoğlu çay sodasının mağazalarda tapılmamasının səbəblərinə aydınlıq gətirib.
"Keçmiş SSRİ-yə daxil olan bütün dövlətləri çay sodası ilə təmin edən Rusiyanın Başqırdıstan Kimyəvi İstehsal Zavodudur. Bir müddətdir o zavodda təmir işləri gedir. Məhz bu səbəbdən müəyyən problemlər yaranıb" - deyə şirkət rəhbəri bildirib.
"Təmirlə əlaqədar olaraq biz ötən il bu məhsulu fasilələrlə almışıq. Artıq təmir yekunlaşmaq üzrədir. Bir neçə günə yanvar ayı üçün nəzərdə tutulan məhsullarımız Azərbaycana yollanacaq. Yəqin ki, növbəti aydan bu problem həllini tapacaq" – deyə İ.Babaşxanoğlu əlavə edib.