SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bir səfərin nəticəsi – Azərbaycan üçün əlavə manevr imkanları yaranır

Azərbaycan neftin qiymətinin aşağı düşməsindən birbaşa əziyyət çəkən ölkələrdən biridir
Sputnik

BAKI, 24 yanvar — Sputnik. Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyeva ilə görüşüb.

Daha bir ölkə başçısı Davos forumundan imtina etdi

İlham Əliyev habelə Davosda "Visa" şirkətinin prezidenti Rayan MakInerni ilə danışıqlar aparıb. Rayan Maklnerni bu il Davosa səfərlərinin əsas məqsədinin Prezident İlham Əliyev ilə görüşmək olduğunu vurğulayıb.

O, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda rəqəmsal ödənişlərin inkişafında mühüm irəliləyişlərin baş verdiyini və bu sahədə müxtəlif layihələrin reallaşdırılmasında "Visa" şirkətinin ölkənin müvafiq qurumları ilə sıx əməkdaşlıq etdiyini bildirdi. Rayan Maklnerni nağdsız ödənişlərin inkişafı üçün Azərbaycanda tətbiq edilən vergi güzəştlərinin və digər təşəbbüslərin çox faydalı olacağını qeyd etdi, bunun başqa ölkələr üçün də nümunə olduğunu dedi. Hazırda Azərbaycanda elektron ödənişlərin aparılmasında "Visa" brendli kartlardan geniş istifadə edildiyini deyən Rayan Maklnerni şirkətin ölkədə fəaliyyətinin genişləndirilməsində maraqlı olduğunu, bir çox sahələrdə, o cümlədən ictimai nəqliyyatda da nağdsız ödənişlərin geniş tətbiqinə dəstək göstərməyə hazır olduqlarını vurğulayıb.

Prezident İlham Əliyev elektron ödənişlərin inkişafının ölkə üçün əhəmiyyətli məsələlərdən biri olduğunu və bu məqsədlə geniş islahatların aparıldığını, bu islahatların artıq nəticələr verdiyini, o cümlədən bunun beynəlxalq reytinqlərdə, məsələn, "Doing Business 2019" hesabatında əks olunduğunu, Azərbaycanın bu hesabatda 32 pillə irəliləyərək 57-ci yerdən 25-ci yerə yüksəldiyini bildirib. Dövlət başçısı əməkdaşlıq səylərinin daha da gücləndirilməsinin önəmini ifadə edib.

Eyni zamanda, Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BP qrupunun baş icraçı direktoru Robert Dadli ilə də görüşü olub. Görüşdə Azərbaycan ilə BP şirkəti arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu, "Azəri-Çıraq-Günəşli", "Şəfəq", "Asiman", "Abşeron" və digər yataqlar üzrə əməkdaşlıq məsələləri müzakirə edildi.

Bundan başqa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "CISCO" şirkətinin vitse-prezidenti və satış rəhbəri xanım Gerri Elliott ilə görüşüb.

İlham Əliyevin bir sıra digər görüşləri də reallaşıb.

Ekspertlər hesab edirlər ki, ölkə rəhbərinin Davos Forumunda iştirakı Azərbaycana investisiyaların cəlb edilməsi baxımından yeni imkanlar açır. Azərbaycan hər zaman Davos İqtisadi Forumuna əhəmiyyət verib. Bu, prezident İlham Əliyevin nümayəndə heyəti ilə forumda iştirakı ilə nümayiş olunub. Davos yeganə iqtisadi forumdur ki, dünyanın çoxlu sayda dövlət, hökumət və aparıcı şirkətlərinin rəhbərlərini bir araya yığır. 

İqtisadçılar Prezidentin Davos mesajlarını təhlil edir
Bu baxımdan dünya liderləri, böyük şirkətlərin rəhbərləri, ekspertlər və aparıcı media qurumları forumun kifayət qədər ciddi tribunaya çevrilməsinə səbəb olub. Azərbaycan da bu tribunadan istifadə etməyə çalışır.

Davos forumunun çərçivəsində aparılan danışıqların nəticəsi kimi bu il ölkəyə yeni investisiya yatırımları cəlb oluna bilər. Uzun illərdir ki, Davos İqtisadi Forumunda iştirak edən Azərbaycanın məqsədi dünyada gedən prosesləri izləmək, o cümlədən Azərbaycandakı prosesləri bölgədə marağı olan iştirakçılara çatdırmaqdan ibarətdir. Forumun platforması informasiya mübadiləsi nəticəsində dünya ictimaiyyətinə qlobal iqtisadiyyatla bağlı fikirləri formalaşdırmaq və çatdırmaqdır.

Davos Forumu çox önəmli forumlardan biridir. Həmin foruma dünya ölkələrinin liderləri və dünya biznes rəhbərləri gəlirlər, fikir mübadiləsi aparırlar. Bir çox ölkələr üçün Davos forumu investorların cəlb olunması və digər ölkələrin diqqətini cəlb eləməklə onların etimadını qazanmaq üçün bir meydan hesab olunur. Onlar öz baxışları, istəkləri ölkələrinin gələcək siyasəti haqqında məlumat verməklə çox ciddi platforma əldə eləyirlər.

Eyni zamanda bu, həm investorlar, həm də xarici dövlət başçıları üçün önəmli olan bir mesajdır. Burada həm də biznes ideayalarının, dövlət siyasəti ideyalarının müzakirəsi və mübadiləsi başlayır. Araşdırmaçılar hesab edirlər ki, dövlətlərin həm özünə güzgüdə baxması, həm də özünü tanıtması üçün bir platformadır. Buna görə də, hər il bu forum çox diqqətlə izlənilir və buna maraqda ildən-ilə artır.

Bu ilki forumun önəmi daha çoxdur. Azərbaycan neftin qiymətinin aşağı düşməsindən birbaşa əziyyət çəkən ölkələrdən biridir. Ölkə üçün qarşıda duran əsas məsələlərdən biri də qeyri-neft sektorunun inkişaf etdirilməsi, ölkəyə xarici investisiya cəlb olunmasıdır. Davos Forumu indiki məqamda bizim prezidentimiz üçün yaxşı bir platformadır ki, ölkədəki vəziyyəti və xarici investorlar üçün qapıların açıldığını onlara daha əlverişli şərait yaradılacağını təqdim eləsin. Təbii ki, konkret istiqamətlərdə xüsusilə də qeyri-neft sektoru istiqamətində dünyanın tanınmış investorları ilə görüşüb onları ölkəmizə dəvət eləmək üçün yaxşı bir meydandır və bundan maksimum faydalanmaq lazımdır.

Digər tərəfdən, Davos forumu siyasi münasibətlərin tənzimlənməsi baxımından rəsmi Bakı üçün əlavə manevr imkanları yaradır...