BAKI, 21 yanvar — Sputnik. "Hava şəraitini nəzərə almaqla sürücülərə, eləcə də digər yol-hərəkət iştirakçılarına yol qəzaları və bu kimi müxtəlif xoşagəlməz hadisələrin qarşısının alınması məqsədi ilə diqqətli olmalarını, avtomobillərin texniki vəziyyətinə nəzarət etmələrini tövsiyə edirik".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib. O bildrib ki, yola çıxmazdan öncə avtomobilin şüşələrinin təmiz olmasına, xarici işıq cihazlarının işlək olmasına diqqət yetirilməlidir.
"Mühərrikin soyuducu sistemi, şüşələrin donmasının qarısını almaq üçün təchiz olunmuş mexanizmlər işlək vəziyyətdə olmalıdır" – deyə R.Quliyev əlavə edib.
BDYPİ rəsmisi tək Bakıda deyil, digər şəhər və regionlarda da hərəkət zamanı diqqətli olmağı tövsiyə edib: "Ara məsafəsini saxlamaq, uyğun sürət həddi seçmək məsləhət görülür".
Müsahibimiz, xoşbəxtlikdən hazırda mövcud hava şəraiti ilə əlaqədar yol-nəqliyyat hadisəsinin baş vermədiyini vurğulayıb.