HADİSƏ

Hay-küyə səbəb olan hadisəyə rəsmi reaksiya: Yol çökməyib, asfalt deformasiyaya uğrayıb

Anar Nəcəfli: "Deformasiya bir neçə kvadrat metrlik ərazidə müşahidə edilir, 200-300 metrlik yol hissəsi bağlanıb"
Sputnik

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 21 yanvar — Sputnik. Bərpadan sonra bir müddət əvvəl istismara verilmiş Babək prospektinin kiçik bir hissəsində deformasiya ilə bağlı ərazidə hərəkət bazar ertsəi axşam saatlarınadək məhdudlaşdırılıb. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli məlumat verib.

"Bağlı ərazidə heç bir çökmə yoxdur, sadəcə asflt örtüyü deformasiyaya uğrayıb. Yeri gəlmişkən, bu, yolun həm hərəkət hissəsində, həm də səkidə baş verib" - Nəcəfli bildirib.

Onun sözlərinə görə, bir neçə yüz metrlik yol hissəsi bağlanıb, lakin bu, tıxac yaranmaması və köməkçi yol çıxmaq üçün imkan yaradılmasından ötrü edilib: "Deformasiya bir neçə kvadrat metrlik ərazidə müşahidə edilir. 200-300 metrlik yol hissəsi bağlanıb. Əgər birbaşa iş gedən ərazinin qarşısında yolu bağlasaydıq, sürücülərin dönməyə imkanları olmazdı. Ona görə də məhz döngənin qarşısında yol bağlanıb".

Bakıda yenə yol çökdü, iki rəsmi qurum üz-üzə gəldi

Əraziyə baxış keçirən AAYDA əməkdaşları müəyyən ediblər ki, prospektin bu hissəsi əvvəllər neft emalı müəssisələrinin tullantılarının axıdıldığı yer olub: "Bu cür kiçik problemin əmələ gəlməsinin səbəbi məhz budur. Bu fakt müəyyən edildikdən sonra biz bu hissənin təmirinə başlamışıq. Axşamadək hərəkət tam bərpa olunacaq".

Bakının mühüm prospektlərindən biri olan Babək prospekti ötən il dekabrın birinci yarısında istismara verilib. İşlər nəticəsində hər istiqamət üzrə hərəkət hissəsi 16 metrədək genişləndirilib. Bu barədə AAYDA məlumat yayıb.

Layihəyə uyğun olaraq prospekt boyu vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün köhnə piyada səkiləri bərpa olunub və 15 200 kv.m sahədə yeniləri tikilib, mövcud yol ayrıcı da sökülərək yenidən qurulub. Yeni tikilən yol ayrıcının və piyada səkilərinin kənarlarına 26 350 p-metr uzunluğunda yeni səki daşları düzülüb.

Prospektin bərpa prosesi təxminən bir il çəkib.