BAKI, 21 yanvar — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonu ərazisində İran İslam Respublikasına (İİR) məxsus, içərisində 22 ton maye qaz olan "Mercedes" markalı avtosistern aşıb.
Sputnik Azərbaycan FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən aidiyyəti dövlət qurumları məlumatlandırılıb, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) müvafiq qüvvələri, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin və Dövlət Neft Şirkətinin (SOCAR) mütəxəssisləri hadisə yerinə cəlb olunub.
DYMX-nin xilasetmə qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Sistern SOCAR-ın qaldırıcı kranı vasitəsilə götürülərək xüsusi təxliyə avtomobilində, Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisinin müşayiəti ilə, H.Əliyev adına Bakı Neft Emalı Zavodunun ərazisinə daşınıb.