Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 21 yanvar — Sputnik. Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə etdikləri məlumat əsasında rayonun Şahağacı kəndi ərazisində əməliyyat axtarış tədbirləri keçirilib. DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata əsasən, keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Şahağacı kənd sakini Fikrət Cabbarov saxlanılıb.
F.Cabbarov saxlanılan zamanı üzərinə baxış keçirilərkən əynindəki şalvarın cibindən 1 bükümdə təmiz çəkisi 16,066 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan Fikrət Cabbarovun yaşadığı Astara rayonu Şahağacı kəndi ərazisindəki fərdi yaşayış evində 3 ədəd bağlamada ümumi təmiz çəkisi 5 kiloqram 655 qram narkotik vasitə olan tiryək və 1 bükümdə təmiz çəkisi 10,210 qram olan psixotrop maddə hesab edilən Metamfetamin aşkar edilərək götürülüb.
İstintaq zamanı müəyyən edilib ki, o həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı Şəhriyar adlı şəxsdən əldə edib.
Faktla bağlı Astara RPŞ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılaraq istintaq davam etdirilir.