SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Təhlükəli vəziyyətdən bir addım geri - Tərəflərini qane edəcək model hələ mövcud deyil

Qlobal qarşıdurmanın nəticələri məlum olmamış Azərbaycan və Ermənistan böyük güclərin birinin regionu tamamilə nəzarətə almasında maraqlı deyil
Sputnik

BAKI, 20 yanvar — Sputnik. Fransanın paytaxtı Paris şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında növbəti görüş keçirilib.

Qarabağ üçün mühüm görüş başladı

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya) Stefan Viskonti (Fransa), Əndrü Sxofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak ediblər.

Tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə ediblər.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, tərəflər arasında 4 saatdan çox davam edən danışıqlarda daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla, faydalı və çox müsbət fikir mübadiləsi aparılıb. Ardıcıl və nəticəyə yönəlik danışıqların qarşıdan gələn ay davam etdirilməsi razılaşdırılıb.

İlk dəfədir ki, Ermənistan tərəfinin də paylaşdığı bəyanatda Azərbaycan tərəfinin uzun illərdir istifadə etdiyi "nəticəyə yönəlmiş danışıqlar" ifadəsindən istifadə olunduğunu görürük. Siyasi təhlilçilər belə hesab edirlər ki, əslində bu, "nəticəyə yönəlmiş danışıqların davam etdiriləcəyini" göstərir. Özlüyündə ilk dəfədir ki, həm dekabr görüşündə, həm də yanvar görüşündə bu baxımdan pozitiv mesajlar verilir.

Lakin əksər müşahidəçilərin qənaətinə görə, qısa bir zamanda tərəflərin hansısa məsələdə razılığa gələcəyini gözləmək mümkün deyil. Diqqəti cəlb edən məqam ondan ibarətdir ki, münaqişənin həllinin baza prinsiplərinin razılaşdırılması istiqamətində ilk dəfədir mövqelərdə yaxınlaşma hiss edilir. "Tərəflərin sülhə hazırlanması" açıqlaması da ciddi təhlilə ehtiyacı olan məsələdir. "Sülhə hazırlamaq" isə o qədər də hiss edilmir. İntensiv aparılacaq danışıqlar zamanı hər hansı bir ortaq razılaşma əldə olunarsa, bununla bağlı cəmiyyətə müəyyən detalların çatdırılması müşahidə edilə bilər. Görünür ki, bu mərhələdə tərəflərin maksimalist bəyanatlarının qarşısını almaqdan söhbət gedir.

Əgər gerçəkdən sülh danışıqlarında nəticə əldə edilsəydi, bunun cəmiyyətə izah edilməsi də müşahidə olunardı. Burada əsas məqamlardan biri də savaş tərəfdarı olan "Qarabağ klanı"nın Ermənistanda siyasi hakimiyyətdən getməsidir. Paşinyan hakimiyyətə Qarabağ dalğasında üzərində gəlməyib. Əhalinin sosial problemlərinin ağırlığına dözümsüzlüyü onları hakimiyyətə gətirib. Düzdür, Paşinyanın münaqişənin həlli ilə bağlı aydın proqramı yoxdur. Lakin Paşinyan anlayır ki, o, sələflərinin Qarabağ siyasətini davam etdirəcəksə, Azərbaycan münaqişənin hərbi yolla həllini seçə bilər. Ermənistanda da anlayırlar ki, Azərbaycan ordusuna ayrılan büdcənin Ermənistanın ümumi büdcəsindən dəfələrlə böyükdür. Bu baxımdan, Ermənistan Azərbaycanla savaşa başlamaq gücündə deyil.

"Azərbaycan Qarabağ məsələsində icmalararası dialoqa hazırdır"

Bununla belə, münaqişənin tərəflərinin bir-birindən kəskin fərqlənən mövqeləri münaqişənin sülh yolu ilə həllinə olan inamı azaldır. Belə ki, Azərbaycan tərəfi beynəlxalq hüququn əsas prinsiplərindən biri olan dövlətlərin ərazi bütövlüyü prinsipinə əsaslandığı halda, Ermənistan tərəfi bu prinsipə daban-dabana zidd olan beynəlxalq hüququn digər bir prinsipinə - millətlərin öz müqəddaratını təyin etmə prinsipinə əsaslanır.

Mövqelərdə olan kəskin fərq yalnız o zaman sülhə gətirib çıxara bilər ki, iki tərəfdən biri mövqeyindən imtina etsin. Ermənistanın səbəbsiz yerə mövqeyində hər hansı bir dəyişikliklər etməsini gözləmək sadəlövlük olardı.

Digər tərəfdən, münaqişənin sülh yolu ilə həllinə cəlb edilmiş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti də nəticəsiz qalmaqdadır.

İlkin səbəb yuxarıda qeyd edilən tərəflər arasındakı kəskin ziddiyyətlər olsa da, digər səbəb Minsk Qrupunun tərəflərə təsir göstərə bilməməsidir. Minsk Qrupunun həmsdərləri bu günə qədər müxtəlif həll yolları təklif etsələr də, ya Azərbaycan tərəfinin, ya da Ermənistan tərəfinin etirazına əsasən müsbət nəticə əldə olunmayıb.

Bundan əlavə, hər iki tərəfdən əhali bir-birinə qarşı inamsızlıq nümayiş etdirməkdə davam edir. Ermənistanda Azərbaycan və Türkiyəyə qarşı nifrət cəmiyyətdə elə bir səviyyədə institutlaşıb ki, hökumətlərin xarici və daxili siyasətindəki uğursuzluqların səbəbi bu nifrət altında gizlədilir.

Aşılanan bu nifrətin fonunda hətta siyasi liderlərin belə danışıqların müsbət nəticə verəcəyinə inanmadıqlarıni ehtimal etmək olar.

Əgər siyasi liderlər münaqişənin yaxın zamanlarda həll olunacağına inansaydılar, cəmiyyətdə qarşı tərəfə münasibətin dəyişdirilməsi ilə bağlı müvafiq işlər görülərdi. Ən azından nifrət aşılanmazdı.

Bu prosesdə Ermənistanın itirəcəyi Dağlıq Qarabağ ətrafındakı rayonlardır, Azərbaycan isə Qarabağın faktiki olaraq müstəqilliyə yaxın statusu ilə üzləşə bilər. Digər tərəfdən, müzakirə edilən sülh sazişində kimin xeyrinə hansı əlavə bəndlər olduğu barədə də ictimaiyyətin məlumatı yoxdur.

"Qarabağ münaqişəsini həll etmək lazımdır" – Çavuşoğlu Paşinyana cavab verdi

Bu gün müzakirə edilə biləcək variantlardan biri də "ərazi hər iki dövlətin bərabər istifadəsinə verilir" modelidir. Bəlkə də elə bu baxımdan, müəyyən pozitiv mesajlar verilir, amma bu o demək deyil ki, mesajlar ciddi nəticələrin olacağı ehtimalını, ümidlərini yaratmalıdır. Bu, daha çox təhlükəli vəziyyətdən bir addım geri çəkilməkdir. İndiki geosiyasi vəziyyətdə Bakı da, İrəvan da başa düşür ki, gərginliyin artması hərbi əməliyyatların təhrikinə gətirər. Bu isə hər iki tərəfə ağır nəticələr verər. Yəni tərəfləri sülhə məcbur etmək hərəkətləri ola bilər. Belə bir şəraitdə qlobal qarşıdurmanın nəticələri məlum olmamış Azərbaycan və Ermənistan böyük güclərin birinin regionu tamamilə nəzarətə almasında maraqlı deyil. Münaqişə tərəflərini tam qane edəcək model də hələ ki mövcud deyil...