Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 20 yanvar — Sputnik. Elvar Quliyev 12 ildir idman sahəsində tərcüməçi işləyir. 1981-ci ildə Lənkəranda anadan olan Elvarın hədəfləri böyük olub. Xarici dillərə marağı böyük olduğundan ilk hədəfi məhz xarici dilə yiyələnmək olub. Bu məqsədlə Azərbaycan Dillər Universitetinin ispan dili fakültəsində təhsil alıb. Öz sevimli peşəsi ilə məşğul olana qədər müxtəlif sahələrdə çalışıb. Bir müddət özünü jurnalistika sahəsində də sınayıb.
E.Quliyev Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində özü haqqında daha ətraflı məlumat verib: "İlk iş yerim idman qəzeti "Futbol+"da reportyor kimi olub. Hərbi xidmətdən sonrakı dönəmi də nəzərə alsaq, orada 3 ildən artıq çalışmışam. 2004-cü ildə isə bir neçə jurnalist dostlarıma "Het-trik" qəzetini yaratdıq və orda da 1 ildən artıq işlədim. Sonra "Space" televiziyasının idman departamentində müxbir-aparıcı işinə dəvət aldım. Bir il yarım əfsanəvi jurnalist Aydın Əliyevin rəhbərlik etdiyi redaksiyada çalışdım".
"Sonradan öz istəyimlə "Space"-dən ayrılıb "Xəzər Lənkəran" komandasında tərcüməçi kimi fəaliyyətə başladım. Onu da qeyd edim ki, "Space"ə gedənədək o vaxtın iddialı futbol klublarından sayılan "Bakı FK"da da 6 ay işləmək imkanım olmuşdu" – deyə həmsöhbətimiz əlavə edib.
Sevimli peşəsi ilə sevdiyi idman növünü bir arada tutan Elvar Quliyevi bu sahəyə məhz futbola olan marağı gətirib. Seçimindən peşman deyil, işindən zövq alır: "Tərcüməçilik fəaliyyətim həmişə idman sahəsiylə bağlı olub. "Space"-də çalışdığım dönəmdə "Xəzər Lənkəran"dan təklif aldım. Doğulduğum şəhərin komandası olduğu üçün, həm də futbola hədsiz marağımdan dolayı təklifi düşünmədən qəbul etdim".
E.Quliyev 10 il çalışdığı "Xəzər Lənkəran" futbol klubu ilə bağlı xatirələrini də bölüşüb: "Hər dəfə kubok qazananda Lənkəranda bayram olurdu. Xüsusilə, Mirça Rednikin dövründə ölkə kubokunun finalında "İnter"ə qalib gəldiyimiz oyun bütün Lənkəranda böyük coşquyla qeyd olunmuşdu. Final oyunundan 1 gün sonra kuboku Lənkərana aparanda bizi 200-dən çox maşın karvanı müşayiət edirdi. Bütün rayon camaatı - uşaqlar, qadınlar, qocalar küçəyə çıxıb, bizi gül-çiçəklə qarşılayırdı. Hətta avtobusda olan bir çox əcnəbi futbolçular belə bir qarşılanmanı heç vaxt görmədiklərini deyirdilər. Aralarında fərəh hissindən gözləri dolan da var idi. Bir sözlə, möhtəşəm mənzərə, inanılmaz hislər idi".
"Ən kədərli an kimi isə 2009-2010 mövsümünün son turunda "Bakı FK"ya qarşı oyunu qeyd edərdim. Bütün azarkeşlər çempionluq gözlədiyi halda, doğma meydanda 0:1 məğlubiyyət və hər şey alt-üst olur" – o, təəssüflə qeyd edib.
Elvar Quliyev bir müddət idman sahəsində uzaqlaşmaq istəsə də, futbola olan marağı onu yenidən idmana qaytarıb. Bu dəfə yolu "Qarabağ" futbol klubundan keçib.
O, "Qarabağ"ı bu gün Azərbaycanda ən peşəkar səviyyədə idarə olunan klub kimi qiymətləndirir: "Məhz bəlli idarəçilik siyasəti və strategiyanın olması həm daxili arenada, həm də avro kuboklarda uğurlu nəticələrlə özünü göstərir. "Xəzər Lənkəran"la 2 dəfə ölkə kubokunun və Superkubokun qalibi olmuşuq. Ağasəlim Mircavadovla çempionluğu qazandığı mövsümdə komandaya gec qoşulduğum üçün qaliblər sırasına düşmədim. Amma "Qarabağ"ın heyətində çempionluğu qazandıqdan sonra daxili arenadakı bütün titullar artıq kolleksiyamda var".
E.Quliyev gələcəklə bağlı bəzi planlar qurduğunu, amma bu planların futbolla bağlı olmadığını vurğulayıb.