BAKI, 14 yanvar — Sputnik. Mərhum Xalq şairi, söz sərrafı Vaqif Səmədoğlu müsahibələrinin birində başına gəlmiş maraqlı hadisəni nəql etmişdi:
"Bir dəfə bağ evində tək idim. Əlimə bir şüşə konyak keçdi. Onu içdikdən sonra sərxoş halda oturub bir şeir yazdım. Şeiri bitirib öz-özümə dedim ki, a kişi, mən necə dahi insan, böyük şairəm, bu şeirim də şedevrdir.
Sonra yıxılıb yatdım. Səhər oyananda masanın üstündə kağız gördüm, üzərində nələrsə cızmaqara edilmişdi. Götürüb oxudum və yenə öz-özümə dedim ki, İlahi, mən necə də mənasız şairəm və bu yazdığım da biabırçılıqdır. Heç kimin əlinə keçməsin deyə kağızı cırıb zibil qabına atdım".
Sanki, toplum olaraq həmin vəziyyətdəyik. Sərxoşluqla ayıqlıq arasında ikili həyat yaşayırıq. İlk halımızda bizdən ağıllısı, güclüsü, haqlısı, mərdi, qorxmazı yoxdur. Ayılandan sonra isə, iki əlimizdir, bir təpəmiz.
Ən dəhşətlisi də odur ki, hamımız hamımızın qarşısında beləyik. Qarşı-qarşıya gələn iki yeniyetməmizin çiyinləri təsadüfən bir-birinə dəyərsə, hökmən biri o birinin "qabağından yeməlidir" (Əks halda, qan su yerinə axacaq). "Necə yəni əəə, mənə çiyin vuran oğlan hələ anasından olmayıb eee" – deyəcək hər ikisi və hər ikisi də özünü 101 faiz haqlı hesab edəcək. Ta ki, biri məzara (yaxşı halda xəstəxanaya), digəri həbsxanaya yola salınanadək.
Sükan arxasında olarkən, yolda bir-birinə yol verməmək üçün and içmiş və bu uğurda canını fəda etməkdən çəkinməyən camaatıq biz. İki zolaqdan bir zolağa çevrilən yolda, yol kəsişmələrində, döngələrdə başqa avtomobilə yol verənə, sanki ağır söyüş qoyublar. Ucunda ölüm olsa belə (ki, dəfələrlə olub), kimsə bu söyüşü "yemək" istəmir. Yəni, "kimin duxu çatırsa, qabağa keçsin".
Biz elə bir cəmiyyətin nümayəndələriyik ki, rəsmən, cismən boşandığımız arvadlarımızı, boşandıqdan sonra belə, qısqanır, izləyir və başqası ilə əlaqəsini öyrəndiyimiz anda qətlə yetiririk. Ay qeyrət dağarcığı, pis idisə, niyə evlənirdin, yaxşı idisə, niyə boşayırdın, boşadınsa, daha niyə əl çəkmirsən? Axı, sənin "qeyrətinin" ömrü qoluna qandal vurulana qədərdir.
Əziz həmvətənlər bir təklifim var. Gəlin, elliklə ayda bir gün təyin edək. Həmin günlərdə hamımız yaşadığımız ərazi üzrə mərkəzi meydanlara toplaşaq (təbii ki, icra hakimiyyəti ilə razılaşdırılmış şəkildə, qanunsuz aksiya olmamalıdır). Və başlayaq bir-birimizin var-yoxuna söyməyə, dişimizin dibindən çıxanı deməyə, bağırmağa-çığırmağa, bir-birimizə meydan oxumağa, əzələ nümayiş etdirməyə, özümüzü tam haqlı çıxarmağa.
Əl-qol hərəkətləri də olar, amma bir-birimizi vurmamaq şərti ilə. Eləcə qıcanaq da, vurmayaq. Barmaq silkələyək, yumruğumuzu və ayağımızı yerə çırpaq, nərə çəkək, sinəmizi döyəcləyək, gözlərimizi bərəldək, köynəyimizin yaxasını cıraq, yalandan dartınaq və sair. Proses bitdikdən sonra da bir-birimizlə öpüşüb-görüşüb-sağollaşıb dağılışaq evlərimizə.
Beləcə içimizdəki (heç düşmənə qarşı hiss etmədiyimiz) bütün aqressiya, qəzəb, nifrət, od-alov bayıra püskürəcək.
Ən əsası, bir güllə ilə iki quş vurmuş olacağıq:
- Həm ruhən, qəlbən, daxilən rahatlıq tapacağıq ki, sözümüzü dedik, gücümüzü göstərdik, hamı haqlı olduğumuzu, "qabağımızdan yemədiyimizi" gördü;
- Həm də ölüb-öldürməyəcəyik. Sağ qalacağıq, sağ!
Yoxsa, vallah, heç nələrin üstündə bir-birimizin axırına çıxacağıq...