Daxili İşlər Nazirliyindən vətəndaşlara çağırış

Polis əməkdaşları M.Zeynalovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər
Sputnik

BAKI, 14 yanvar — Sputnik. Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində avtomobillərdən oğurluq etməkdə təqsirli bilinən Gədəbəy rayon sakini Müşfiq Zeynalov saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Qıza hücum edib, oğurluq etmək istədi, döyüldü

Məlumata görə, araşdırma zamanı onun 2018-ci ilin noyabr-dekabr aylarında Xətai rayonunda "Hyundai" və "BMW" markalı iki avtomobilin şüşəsini sındırıraq nəqliyyat vasitələrinin salonundan pul, qiymətli əşyalar, ümumi dəyəri 1800 manat olan 3 ədəd noutbuk oğurladığı məlum olub. Saxlanılan şəxsin zərərçəkənlərə, ümumilikdə, 3500 manata yaxın maddi ziyan vurduğu məlum olub. M.Zeynalov ifadəsində oğurladığı noutbukları satdığını bildirib.

Qeyd olunan faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət işi başlanılıb. M.Zeynalov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları M.Zeynalovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə və ya Xətai RPİ müraciət edə bilərlər.